Hazırda ölkədə epidemioloji vəziyyət tam nəzarət altındadır və vəba xəstəliyi qeydə alınmayıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Nəzərə çatdırılıb ki, ölkəmizdə vəbaya qarşı profilaktik tədbirlər mütəmadi şəkildə həyata keçirilir.
"Nazirliyin 12 iyun 2019-cu il tarixli Əmrinə əsasən, hər il açıq su mənbələrindən nümunələr götürülərək laboratoriyada yoxlanılır, həmçinin əhali arasında müayinələr aparılır".
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı (DST) 31 ölkədə davam edən xolera epidemiyasının getdikcə ağırlaşdığını və ölüm göstəricilərinin artdığını açıqlayıb.
Təşkilatın son hesabatına görə, indiyədək 4 min 738 nəfər xəstəlik səbəbilə həyatını itirib.
DST xəbərdarlıq edir ki, epidemiyaların miqyası və qarşılıqlı bağlılığı nəzərə alındıqda, xəstəliyin ölkələr daxilində və ölkələr arasında daha da yayılma riski çox yüksəkdir.
Hesabatda artan yoluxma hallarının əsas səbəbləri kimi münaqişələr, yoxsulluq və infrastruktur çatışmazlıqları göstərilib. Xüsusilə kənd yerlərində və sel fəlakətindən təsirlənən bölgələrdə riskin daha yüksək olduğu vurğulanıb.
Mina Mikayılova