Belə bir yazı yazmağı heç düşünmədim. Bilən bilir ki, ürəyimdən gəlməsə, bir cümlə belə yaza bilmərəm. Necə deyərlər “Mən atamın düz qızıyam”.
Bu dəfə də beynimdən, ürəyimdən qopan fikir və hissləri yazmağa qərar verdim. Yoxsa vicdanım və ürəyim rahat ola bilməz. Mən insanları - xüsusən də müasirim olanları dahiləşdirməyi, şəxsiyyətə pərəstişi və ən çox da kimdənsə istifadə etməyi heç sevmirəm. Bunu edənlərə də bəsit insan kimi baxıram. Əqidə kimi, vicdan kimi bəzi dəyərlər var ki, onlar satılmamalıdır. Təbii ki, bunların başında vətən birinci gəlir. Bunun üçün də hər zaman vətən üçün, vətənin gələcəyi üçün çalışmaq lazımdır.
Gələcəyin yolu isə təhsildən keçir. Təhsili dövlətin - millətin yeganə qurtuluş yolu hesab edirəm. İkinci dünya müharibəsindən məğlub və xaraba halda çıxan Yaponiya məhz təhsil sayəsində qalib dövlətlərdən daha çox inkişaf edib. Təhsilə qayğı ilk növbədə dövlət tərəfindən olmalıdır. Ali məktəblərdə təhsil haqqı ya ləğv olunmalı, ya da simvolik xarakter daşımalıdır. Ölkəyə xaricdən müəllim dəvət edilməli, xaricdə təhsil almış kadrlar təhsilə cəlb edilməlidir.
Dövlətin çoxdan gözlənilən xaricdə təhsil proqramı nəhayət ki, bərpa edildi. Vətəninin gənc övladları - gələcəyi dünyanın qabaqcıl təhsil müəssisələrində təhsil alaraq ölkəmizə, xalqımıza faydalı olacaq, öyrəndiklərini, oxuduqlarını gələcəkdə tədris və tətbiq edərək ölkəmizin ziyalı genefonduna böyük fayda verəcəklər. Amma çox təəssüf ki, xaricdə təhsil almaq üçün seçim kriteriyaları cəmiyyətə, bəlkə də şəxsən mənə məlum deyil. İnanıram ki, mövzu ilə əlaqədar “Tarixi Nadir”i yarıya qədər oxumuş adam olaraq mənim kimilər heç də az deyil.
XX əsrin əvvəllərində Azərbaycanın təəssübkeş, xeyriyyəçi övladları tərəfindən istər ölkəmizdə, istərsə də xaricdə “tələbə oxutma” ənənəsinin təməli atıldı. O böyük insanlar, o mərd Kişilər böyük bir ziyalı ordusu yetişdirdilər. Siyasi hadisələr - çalxantılar burulğanından çıxan ölkəmiz çətinliklə də olsa dirçəlməyə başladı. Artıq vətənimizin istər ölkəmizdə, istərsə də xaricdə “qaz vurub, qazan dolduran” onlarla, hətta yüzlərlə məmur-oliqarxlar yetirmələri var. Trolları vasitəsilə “kirədə” yaşadıqlarını, borcun içində olduqlarını söyləyənləri də az görmədik. Nə deyə bilərik, Allah onları dedikləri kimi etsin! Bu qədər varidatı olan, özlərini insanlıq-mərhəmət rəmzi hesab edən də, amma şəhid ailələrini, qaziləri təhqir edən “məmurcuqlar”ın soyub-taladıqları haramları olsun! Onların mal-mülkü, var-dövləti çox olsa da özləri görməmiş, qarınları haram yeməkdən məhvərindən çıxmış olsa da, gözləri, könülləri və xislətləri acdır. Həyatı boyunca haram yeyərək kef çəksələr də sonunda onlar da dörd əllə yapışdıqları bu dünyada əbədi deyillər. Mənasız əyləncələrə, bahalı maşınlara və s. xərclədikləri vəsaiti təhsilə, elmə sərf etsələr, onlar da “qara” yox, Hacı Zeynalabdin Tağıyev kimi Azərbaycanın şanlı tarixinə düşərlər.
Düşünün ki, o “məşhur” saatın qiymətinə neçə tələbənin təhsil haqqını ödəmək, neçə kasıb tələbəyə təqaüd vermək, ölkəmiz - millətimiz üçün faydalı kadr - vətəndaş yetişdirmək olardı. Söz yox ki, haram pulla, ölkəsini çapıb-talamaqla sərvət, mal-mülk sahibi olan “yekəqarın” məmur-oliqarxlarla halal qazancla, zəhmətlə qazandığını elmə, təhsilə, mədəniyyətə və müxtəlif sahələrə küllü miqdarda vəsait - sərmayə xərcləyən Hacının adının eyni cümlədə işlənməsi belə günahdır.
Peyğəmbərimiz də “Mənə bir hərf öyrədənin 40 il köləsi olaram” deyib. Amma çox təəssüf ki, yaşadığımız kapitalist dünyasında bir hərf öyrənmək və ya öyrətmək üçün maddiyat lazımdır. Buna görə də ən böyük dəstək təhsilə verilməlidir. Sovet dövründə ucqar dağ rayonları ölkəyə ən çox ziyalı - akademik bəxş etsə də, indi imkansızlıq, iqtisadi çətinlik bu beyin potensialının sözün əsl mənasında “nəfəsini kəsib”.
Amma nə yaxşı ki, dünyada yaxşı, xeyirxah insanlar da var. Xüsusən də belə insanların bizim vətən övladı olduğunu bilmək olduqca sevindiricidir. Belə insanlardan birini - Mübariz Mənsimovu ölkəmizdə tanımayan yoxdur. Şəxsən tanımasam da, uzun müddətdir onun fəaliyyətini izləyirəm. Hətta xoş bir təsadüf nəticəsində 2013-cü ildə İstanbulda Xocalı həqiqətlərindən bəhs edən “Xoca” filminin təqdimatında qarşılaşdıq. Hətta səhv etmirəmsə, bu film Mübariz bəyin maddi dəstəyi ilə çəkilib. Təqdimat zamanı və daha sonra onun başına “fırlanan” yaltaq və istifadəçi insanların ikrah yaradan süni hərəkətlərini gördüyüm üçün yaxınlaşıb tanış olmadım. Amma yenə də ara-sıra dövrü mətbuatda M.Mənsimovun digər xeyriyyəçilik fəaliyyətləri haqqında müxtəlif yazılara rast gəlirdim. İllər keçdikcə bu yazılar da “rəngini” dəyişməyə başladı. Mən siyasəti sevmirəm, siyasi təhsilim yoxdur. Amma mən vətənimi, xalqımı, dövlətimi sevirəm. Tutduğu yol, əqidə nə olursa olsun mənimlə eyni dalğada olan – xalqını, vətənini, dövlətini sevən insanları hər zaman ruhuma yaxın, dost hesab etmişəm. Mənim üçün əsas etalon da elə bunlardır. Demokratiya fikrini, görüşünü söyləməkdir. Bunun vətən, dövlət, millət sevgisi ilə heç bir əlaqəsi yoxdur. İndi də siyasətə girmək istəmirəm. Sadəcə insanların özlərini yüksəltmək, cibini doldurmaq üçün əqidəsizcə başqasına böhtan atmasına nifrət edirəm. İnsanlar şəxsi həyatı, məişəti ilə deyil, əməlləri ilə dəyərləndirilməlidirlər. Az qala 100 ildən çox zaman keçməsinə baxmayaraq təəssüf ki, adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Tağıyevi, Musayevi də ləkələmək istəyən adamcıqlar hələ də “mövcuddurlar”. İnsanlara sağlığında əməllərinə, vətəndaşlıq təəssübkeşliyinə görə qiymət vermək lazımdır.
44 günlük Vətən müharibəsi dövründə özü darda olsa da, Vətəninin dar günündə vətən borcunu unutmadı. O tarixi günlərdə yoxa çıxan bəzi məmurlar, ictimai xadimlərdən fərqli olaraq, o, sevdikləri, sevənləri vasitəsilə istər ön, istərsə də arxa cəbhəyə hər cür yardımlar göndərdi. Şəhid ailələrini, qaziləri unutmadı, qayğısını əsirgəmədi. Artıq dünya sularında qəhrəman şəhidlərimizin adına neçə-neçə gəmi üzməkdədir. Təbii ki, bu, şəhid ailələrinə təskinlikdən çox yetişən yeni nəslə vətənpərvərlik aşılamaqdadır.
Ölkəmizin, millətimizin gələcəyi naminə, “əlini daşın altına qoyan” “Palmali” Şirkətlər Qrupunun təqaüd sertifikatının təqdimatını da qürurla izlədim. Böyük Türkiyənin müxtəlif universitetlərinin tələbələrini toplayıb, onları vaxtı ilə bu təqaüdü almış dünənin tələbələri - bu günün isə mütəxəssisləri ilə də tanış etmək, onların təcrübə və məsləhətlərini dinlətmək gənclərin mənəvi tərbiyəsi baxımından olduqca mənalı və əhəmiyyətlidir. Bu təqaüdə layiq görülən gənclərin sevincini görməyə dəyərdi. Keçirdiyi o sıxıntılı günlərdən sonra azca özünə gələn kimi yenə xeyriyyəçilik fəaliyyətinə davam edən Mübariz Mənsimov tələbələri yenə də unutmadı.

Proqram daxilində əvvəlcə 150 tələbəyə təqaüd verilməsi nəzərdə tutulmuşdu. Şirkətin prezidenti Mübariz Mənsimovun 2020-2021-ci illərdə saxta ittihamlarla həbs olunması ilə bağlı həmin müddətdə bir sıra tələbələrə təqaüdlərin verilməsi dayandırıldığı üçün indi həmin tələbələrin adları da təqaüd alacaq şəxslərin siyahısına əlavə edilib və müraciət edən 1000 tələbə arasında seçim edərək toplam 177 nəfər növbəti 2022/2023-cü tədris ilində təqaüdə layiq görülüb. Seçim zamanı əsas üstünlük təbii ki, ilk növbədə Türkiyənin müxtəlif universitetlərində təhsil alan Vətənimizin hər qarış torpağı üçün canını və sağlamlığını qurban vermiş şəhid və qazı övladlarına daha sonra isə dərslərində müvəffəqiyyət qazanan tələbələrə verildi.
Bir ana - valideyn kimi fəxr edirəm ki, o tələbələr arasında mənim də qızım var. Bu, bizim ailənin sonsuz sevincinə səbəb oldu. Orta məktəbin IX, XI siniflərindən fərqlənmə ilə məzun olmuş, yüksək balla Türkiyədə tibb fakültəsinə qəbul olunan qızım ailəmizin fəxri olsa da, ziyalı ailəsi olaraq onun təhsil haqqı, yataqxana və digər məişət xərclərini ödəmək sözsüz kimi bizə heç də asan deyil. Belə bir məqamda bu təqaüd, susuz səhraya yağan yağış oldu. Bizim və bizim kimi ziyalı ailələr üçün böyük bir problemin həlli kimi görünən bu vəsait əslində gələcəyimizə qoyulan sərmayədir. Mübariz Mənsimov dövlətimizə və millətimizə qızımın simasında onlarla, yüzlərlə gələcəyin savadlı gəncinin yoluna işıq tutmuş oldu. Müxtəlif sahələr üzrə təhsil alan bu gənclərin hər biri vətənimiz üçün işıq, mayakdır. Mən bütün valideynlər adından Palmali Şirkətlər Qrupuna və şəxsən Mübariz Mənsimova təşəkkür edirəm.
Həm də “Palmali”nin onlara verəcəyi bu təqaüd bəzi rəsmi qurumların təqaüdündən daha yüksəkdir. Bir də inflyasiyanın sürətlə getdiyi Türkiyədə bu məbləğ bir tələbə üçün böyük əhəmiyyətə malikdir. Bəlkə də bəziləri buna dodaq büzə bilərlər. Amma o həyatı yaşamış biri kimi onlara bir neçə sualım olacaq.
Siz heç tələbə oldunuzmu? Həm də evdən uzaqda, həm də sovetin dağıldığı, ölkədə iqtisadiyyatın yerlə bir olduğu bir dövrdə yaşadınızmı? Siz bilirsiniz ki, evlə, ata-ana ilə aylarla əlaqə saxlaya bilməmək nədir? Siz özünüz kimi çox gənc, təcrübəsiz tələbə yoldaşlarınızla bərabər ehtiyac işində yaşadınızmı? Təbii ki, siz əlinizə düşən çörəyi, pulu aranızda bölmədiniz də... Bizim dövrdə, ölkəsində boş piştaxtalar, ehtiyac olan əvəzində isə siyasi sabitlik olmayan, torpaqları sürətlə işğal edilən, hətta bəzən də özü qəriblikdə ola-ola ailələri qaçqın düşən tələbə üçün bir qarın yemək belə böyük sevinc idi.
Bu yazını saf-çürük edərək gec yazma səbəbim, yerli medianı - xüsusən də sosial medianı nə qədər izləsəm də, mövzu ilə əlaqədar tək-tək fiziki şəxslər xaricində rəsmi və sanballı məqaləyə - məlumata rast gəlməməyim oldu. Halbuki, bu, ölkəmizin təhsil həyatı üçün böyük hadisədir. İqtisadi böhranın dünyanı ağuşuna alıb boğduğu bu zəmanədə kiməsə əl tutmaq möcüzə sayılır. Buna baxmayaraq, bəziləri şəxsi ambisiyaları və xudpəsəndliyi “incinməsin” deyə belə bir işıqlı hadisəni ört-basdır etməyə meyllidir. Təbii ki, yaxşı iş deyil ki, əllərindən gəlməsin. Çox təəssüf ki, yaşadığımız dünyanın bu çalxantılı dövründə əsassız, şəxsi münaqişə və ya dözümsüzlük fonunda medianın – xüsusən də sosial medianın “hökm sahibi” olduğu bir dünyada bunu etmək üçün çox zaman və arqumentə ehtiyac yoxdur. İstəmədiyin, bu və ya digər səbəbdən xoşuna gəlməyən, gözün götürmədiyi birini bir neçə dəqiqəyə farağat dayanmış troll ordusuna “daş-qalaq” etdirə və ya şəxsi ambisiya, mənfəət, mənafeyi üçün sifariş edərək “əvəzsiz qəhrəmana” çevirmək 2x2 qədər asandır.

“Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməyə çalışın”. “Bir məsləhətim var: Azərbaycanı Azərbaycanda deyil, Azərbaycandan kənarda təmsil etməyə çalışın. Bir xalq nə zaman güclü olur? Onun xaricdəki lobbisi güclü olanda. Çünki lobbini yaradan insanlar intellektual baxımından zəngin insanlardır. Onlar da sizlərsiniz, təhsil alanlar. Beyniniz həmişə rahat olsun. Biz, “Spring Marine” və “Palmali” olaraq, sizinlə sona qədər bərabərik və sizinləyik. Vətəni düşünün, böyük Azərbaycanımızı düşünün. Onu layiqli şəkildə təmsil edin, çünki Azərbaycanın sizin kimi təhsilli, savadlı insanlara çox ehtiyacı var”. “Böyük Azərbaycanımızı düşünün, onu layiqli təmsil edin”. “Vətənini təmsil edən hər bir övladımızın yanında olmalıyıq. Əlinizi uzadın və dəstək olun onlara. Onlara şərait yaradaq ki, gələcəyimiz işıqlı, aydın olsun”. “Əziz gənclər! Vətəni düşünün, böyük Azərbaycanımızı düşünün. Onu layiqli şəkildə təmsil edin, çünki Azərbaycanın sizin kimi təhsilli, savadlı insanlara ehtiyacı var. Allah yolunuzu acıq etsin!”
Bu sözləri deyən şəxsi “qaralamaq” dövlətinə - xalqına ləkə vurmaqla eynidir və vətənə xəyanət kimi qiymətləndirilməlidir. Kaş əlində imkanı olan bütün həmvətənlərimiz dövlətimizə və xalqımıza Mübariz Mənsimov qədər xeyriyyəçilik etsin. Bacarırsınızsa siz də savab iş görün, əl tutun, yıxılanın ayağa durmasına kömək olun! Qarayaxma, qeybət, böhtan etməyin! Bir gün özünüz də qazdığınız o quyuların dibinə düşəcəksiniz. Bu dünyada olmasa da, o dünyada...
P.S. Mövzu ilə əlaqədar heç bir mübahisəyə girmək istəmirəm. Kiməsə nəyisə inandırmaq, fikrini dəyişdirmək, mübahisə-müdafiə etmək və s. kimi fikrində deyiləm. Sadəcə bildirmək istəyirəm ki, İsa peyğəmbər demiş: “İlk daşı günahı olmayan atsın”.
















