• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xaçmazda körpü uçdu: Gələcəkdə bu kimi halların qarşısını necə almaq olar?

CƏMİYYƏT

15 Sentyabr 2023 | 17:28 | Müəllif: Qalib İbrahimoğlu

Xaçmazda körpü uçdu: Gələcəkdə bu kimi halların qarşısını necə almaq olar?

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub.

Körpünün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən uçduğu deyilir.

Hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb. Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, intensiv yağan yağışlar nəticəsində dayaqların altı boşalıb, çökmə qeydə alınıb: “Körpü sel suları səbəbindən uçub. İntensiv yağıntılar dayağı yuyub. Nəticədə dayaqların altı boşalıb, çökmə qeydə alınıb. Texniki cəhətdən istismara yararlıdır. İstismar müddəti başa çatmayıb”.

Körpünün qəzalı vəziyyətdə olması barədə deyilənlərə gəlincə, AAYDA sədri Saleh Məmmədov bu iddiaların mümkünsüz olduğunu deyib. Onun sözlərinə görə, təxminən 50 il əvvəl tikilən körpünün dayaqlarının bünövrəsi sıvaylar üzərində qurulmayıb: “O dövrün tələblərinə uyğun tikilib. İndi isə yeni tələblərə uyğun bərpa edəcəyik”.

AAYDA sədri körpünün bərpasının 10 gün müddətinə yekunlaşacağını diqqətə çatdırıb.

İnşaat eksperti Elnur Azadov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hər hansı bir inşaat layihəsi aparılarkən kostruktor bürosu və ya inistitutu tərəfindən layihəsi hazırlanır: “Orada bütün texniki göstəricilər götürülür. Misal üçün, çay varsa, eni, uzunu, su axını, yük daşıma qabiliyyəti, istifadə müddəti və s. bir çox parametrlər qeyd edilir. Buna elmi yanaşma olur və ona istinadən layihə hazırlanır. Bu zaman onun inşasə dövlət tərəfindən təstiqlənib həyata keçirilir”.

Ekspert qeyd edib ki, körpüdə baş verən qəza ümumi dünya təcrübəsində anlaşılan bir şeydir. Onun sözlərinə görə, ola bilər, normadan çox su axını gəlib, istifadə qaydaları pozulub, çox ağır yüklər daşıyıblar, zəlzələ baş verib, bünövrə yuyulub: “Ekspertiza etmədən hər hansı baş vermiş hadisəyə qıraqdan söz demək olmaz. Xüsusilə, işçi qrupları cəlb olunmalı, tədqiqat aparılmalı, kommisiya yaradılmalıdır. Yalnız bundan sonra hadisənin hansı səbəbdən baş verdiyini demək olar”.

E.Azadova görə, təhlükəsizlik baxımından gələcəkdə bu kimi halların qarşısını almaq üçün, sözsüz ki, monitorinqlər aparılmalıdır. Buna cavabdeh olan müvafiq dövlət təşkilatları test aparmalı, mövcud vəziyyətlə bağlı rəy verməlidirlər.

“Biz nə qədər inşaat eksperti olsaq da, dövlət daxilində olan prosesləri bilmirik. Faktiki olaraq nə dərəcədə icra olunduğundan məlumatsızıq”, - deyə Elnur Azadov qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026