İranın 85 yaşlı ali lideri Ayətullah Əli Xamenei tezliklə hakimiyyəti təhvil verə bilər.
Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, “Reuters”in beş məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, İranın növbəti ali liderini seçmək üçün Üləmalar Məclisini öz işini gücləndirib. Qapalı qurum olan Üləmalar Məclisininnin üzvləri iki il əvvəl Xamenei tərəfindən təsdiqlənib.
Agentliyin məlumatına görə, hazırda iki əsas fiqur müzakirə olunur: hazırkı liderin 56 yaşlı oğlu Müctəba Xamenei. O, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın sərt mühafizəkar kimi tanınır və mənbələrə görə, müxalifəti sıxışdırmaq, sərt xarici siyasət yeritmək barədə atasının fikirlərini tam bölüşür.
Digər namizəd Həsən Xomeyni İslam Respublikasının banisi Ruhulla Xomeyninin nəvəsidir. O, siyasi və sosial məhdudiyyətlərin yumşaldılmasını müdafiə edən islahatçı düşərgə ilə əlaqələndirilir, lakin eyni zamanda keçmişinə görə yüksək səviyyəli din xadimləri və bəzi İnqilab Keşikçiləri Korpusunun hörmətindən istifadə edir.
Lakin mənbələr yekun qərarın hələ verilmədiyini vurğulayır. Namizədlər dəyişə bilər, amma son söz yenə də Xameneinin özünə məxsusdur.
Yeri gəlmişkən, “Nyu-York Tayms” qəzeti bundan əvvəl daha üç mümkün namizəd haqqında məlumat vermişdi ki, onların arasında Müctəba Xameneinin adı çəkilmirdi.
Ali rəhbər İran İslam Respublikasının dövlət başçısıdır. İran Ali Rəhbərinin referendum təyin etmək, xalqın seçdiyi prezidenti təsdiq etmək, müharibə və sülh elan etmək, Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq, məhkəmə hakimiyyətinin başçısını təyin etmək, radio və televiziya qurumunun rəhbərini təyin etmək kimi səlahiyyətləri var.
Əsas nazirlər ali rəhbərin razılığı ilə seçilir və o, İranın xarici siyasətində, həmçinin nüvə proqramında həlledici sözə malikdir.
Hazırkı ali rəhbər Əli Xamenei 1989-cu ildə Xomeyni vəfat edəndən sonra bu posta seçilib.