Uzun müddətdir ən aktual və hələ də gündəmdən düşməyən mövzulardan biri “Xankəndi” sözünün hallananda düzgün yazılışının “Xankəndinə”, yoxsa “Xankəndiyə” olmasıdır. Bu mövzu həm sosial şəbəkələrdə, həm də cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Bəs düzgün yazılışı nədir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli düzgün yazılışın “Xankəndiyə” olduğunu qeyd edib:
“Xankəndiyə” və “Xankəndinə” mübahisəsi birinci dəfə deyil, əvvəllər də bu cür coğrafi adların yazılışı və tələffüzü ilə bağlı mübahisələr olub. Dilçilər bunu müxtəlif cür əsaslandırırlar. İndi işləndiyi “Xankəndinə” yazılışı səhv deyil, yəni dilçilər bunu səhv kimi qəbul etmirlər. Amma qrammatik nöqteyi-nəzərdən bu “Xankəndiyə” yazılmalıdır. Ona görə ki, bizdə bu tip ikinci növ söz birləşmələri olub. Bu sözlər birləşərək vahid vurğuya tabe olur. Məsələn, “Qalaaltıya, Daşaltıya, eləcə də Xankəndiyə gedirəm.” Sadəcə olaraq, burdakı “N” hərfinin səbəbi “Xankəndi” sözündəki ikinci növ təyini söz birləşməsinin yaddaşında qalmasıdır. Sanki o proses sona çatmayıb. Vaxtilə “Xan Kəndi” ayrı yazılıb tələffüz olunub. Amma indi “Xankəndi” şəklində deyilir və yazılır. Bu səbəbdən “Xankəndiyə” olmalıdır. Necə ki, “Qalaaltıya, Daşaltıya, Ağcabədiyə” deyirik, bu cür də “Xankəndiyə” deməliyik.
Aytac Aslan
















