Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ hərbçiləri Yaponiyanın cənub-qərb bölgəsində “Kəskin qılınc” adlı genişmiqyaslı birgə hərbi təlimə başlayıb. Təlimdə Avstraliya, Kanada və İngiltərədən ümumilikdə 4 döyüş gəmisi və 2 təyyarə də iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, “Keen Sword” adlı təlim noyabrın 19-dək davam edəcək.
Təlimdə 26 000 QSD əməkdaşı və 10 000 ABŞ əsgəri iştirak edəcək. Təlimə Avstraliya, Kanada və İngiltərədən ümumilikdə 4 döyüş gəmisi və 2 təyyarənin dəstək verəcəyi, ABŞ və Yaponiya qüvvələrinin isə 30 gəmi və 370 təyyarə ilə iştirak edəcəyi bildirilib. İki ölkənin gözlənilməz vəziyyətlərlə mübarizədə çəkindirmə imkanlarının gücləndirilməsi məqsədi daşıyan təlimdə kosmos və kiberməkan kimi yeni müdafiə sahələrində, eləcə də ballistik raketlərə müdaxilə əməliyyatlarının aparılacağı açıqlanıb.
Təlimin Çinin Asiya-Sakit okean regionunda dənizlərdə hərbi varlığını artırdığı, Şimali Koreyanın isə ballistik raket proqramını yenidən sürətləndirdiyi bir dövrə təsadüf etməsi diqqət çəkib.
Aytac Aslan
















