• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Yay-qış vaxtına keçid bərpa olunur? - TƏKLİF VAR

CƏMİYYƏT

23 Oktyabr 2024 | 13:53

Yay-qış vaxtına keçid bərpa olunur? - TƏKLİF VAR

“Yay-qış vaxtı keçidinin bərpası şagirdlərin sağlamlığı üçün zərurətdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün sosial şəbəkə hesabında deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Nazirlər Kabineti tərəfindən yay və qış vaxtına keçidin ləğv edilməsi qərarı müxtəlif sahələrdə, o cümlədən təhsil və ictimai səhiyyə sahələrində bir sıra mənfi təsirlər yaradıb. Xüsusilə, 1.6 milyon məktəb şagirdinin qış aylarında erkən saatlarda, hava işıqlanmamış evdən çıxması ciddi problemlər yaradıb və bunun uşaqların yuxu rejimi və psixoloji sağlamlığı üzərindəki mənfi təsirləri bu qərarın yenidən nəzərdən keçirilməsini zəruri edir.

“Yuxunun insan inkişafı və sağlamlığı üçün böyük əhəmiyyət kəsb etdiyi məlumdur. Xüsusilə, məktəbəqədər və məktəb yaşlı uşaqların inkişafı üçün səhər yuxusu kritikdir. Tədqiqatlar göstərir ki, erkən yaşlarda keyfiyyətli yuxu almaq uşaqların kognitiv inkişafı və diqqət toplamaq qabiliyyəti üçün vacibdir”.

K.Əsədov məşhur nevrolog Matthew Walker öz araşdırmalarında olan qeydləri nəzərə çatdıraraq qeyd edib ki, o, beynin optimal fəaliyyət göstərməsi üçün əsas şərt olduğunu və erkən yuxu itkisinin uşaqlarda diqqət və öyrənmə qabiliyyətinə ciddi mənfi təsir göstərə biləcəyini deyib:

“Walker və digər mütəxəssislərin apardığı tədqiqatlar göstərir ki, yuxu çatışmazlığı uşaqlarda aqressivliyin, əsəb gərginliyinin və zehni yorğunluğun artmasına səbəb olur və buna görə də, uşaqların təbii bioloji ritmlərini qorumaq və onlara normal yuxu vaxtı təmin etmək təhsilin keyfiyyətini artırmaq baxımından vacibdir”.

Kamran Əsədov: Təhsil eksperti

Ekspert diqqətə çatdırıb ki, qış aylarında saatların geri çəkilməməsi səbəbindən günün işıqlı saatları ilə insanların fəaliyyət vaxtları arasında uyğunluq pozulur ki, bu, yalnız uşaqların yuxu rejimi ilə bağlı problemlərə deyil, həm də sosial adaptasiyaya və məhsuldarlığa mənfi təsir göstərə bilər. K.Əsədov izah edib ki, insanın bioloji saatı təbii gün işığı ilə sinxronlaşmışdır və bu balansın pozulması nəticəsində bioloji ritmlərdə dəyişikliklər baş verir.

Qış aylarında məktəbə erkən getmək zərurətinin, xüsusilə də uşaqların yuxudan normal doymamasının, onların məktəbdəki fəaliyyətinə də mənfi təsir göstərdiyini deyərək, nəzərə çatdırıb ki, az yatan uşaqların diqqət toplamaq, öyrənmə qabiliyyəti və sinifdə iştirak səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olur və belə uşaqların məktəbdə daha əsəbi və aqressiv olması da təbii qarşılanır:

“Finlandiyada aparılan bir tədqiqat göstərir ki, qış aylarında daha gec işıqlanan günlərdə məktəbə başlama vaxtı gecikdirildikdə şagirdlərin dərsdə iştirakları və ümumi təhsil keyfiyyəti yüksəlmişdir. Belə halların nəzərə alınması Azərbaycan məktəblərində də effektiv ola bilər”.

Təhsil eksperti paylaşımında bu məlumatlar və tədqiqatlar əsasında, Azərbaycanda saatların qış və yay vaxtına keçidinin yenidən tətbiq olunması məsələsinin həyata keçirilməli olduğunu söyləyib və öz təkliflərini də qeyd edib.

K.Əsədovun irəli sürdüyü təkliflər aşağıdakılardır:

1. Yay və qış vaxtının bərpası: Saat əqrəblərinin qış aylarında geri çəkilməsi uşaqların daha gec saatlarda hava işıqlanandan sonra məktəbə getmələrini təmin edəcək. Bu, onların daha yaxşı yuxu almasına və psixoloji sağlamlığını qorumasına kömək edəcək.

2. Məktəblərin başlama saatının tənzimlənməsi: Qış aylarında məktəblərin başlama saatlarının gün işığı ilə sinxronlaşdırılması tədris keyfiyyətini və şagirdlərin rifahını artıracaq.

3. Fövqəladə hava şəraitinə uyğunlaşma: Hava şəraiti qış aylarında daha sərt keçdiyindən, dövlət və təhsil orqanları təcili tədbirlər üçün daha çevik davranış mexanizmləri yaratmalıdırlar. Bu, həm məktəblərin başlanma vaxtlarını, həm də tədris proqramlarını müvəqqəti dəyişdirə bilər.

“Nəticə olaraq, yay və qış vaxtı keçidinin bərpa olunması, uşaqların fiziki və zehni sağlamlığını qorumaq və onların təhsil mühitini yaxşılaşdırmaq baxımından əhəmiyyətlidir. Məktəblərin qış rejimi üçün uyğunlaşdırılması şagirdlərə həm rahat tədris prosesi, həm də sağlam həyat təmin edəcəkdir. Bu yanaşma yalnız təhsilin keyfiyyətini artırmayacaq, həm də gələcək nəsillərin rifahını daha yüksək səviyyədə qorumağa xidmət edəcək”,- deyə bildirib.

Günay Lətifova, Terapevt

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, 2016-cı ildə saatların dəyişdirilməsi ləğv olduqdan sonra insanlarda fərqli təfəkkürlər və fikirlər yaranıb. Çünki artıq havalar tez qaralır və gec aydınlanır.

G.Lətifovanın sözlərinə görə, havanın daha tez qaralması və aydınlanmasının sağlamlığa o qədər də təsiri yoxdur. Terapevt nəzərə çatdırıb ki, əslində, əksinə saat dəyişkənliyi insanların psixoloji vəziyyətinin gərginləşməsinə gətirib çıxarıb.

Müsahibimiz qeyd edib ki, insanların ölkə dəyişdirdikləri zaman orada olan saata uyğunlaşmaq üçün bir az vaxt itirirdiklərini deyən müsahibimiz qeyd edib ki, bu, olmadığı təqdirdə insanlar normal hər zaman durduğu, yatdığı yəni öz həyat gedişatları necə idisə, elə də davam edirlər:

“Təbii ki, daha qaranlıq saatda evdən çıxmaq və yaxud evə geri dönmək biraz insanların narahatlığına səbəb olsa da, bunun sağlamlığa qlobal bir təsiri yoxdur”.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, həmin ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bununla da Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşüb.

Onu da bildirək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib.

Nazirlər Kabineti 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilirdi.

Mina Mikayılova


SON XƏBƏRLƏR