• Bakı 20° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Yeni reallığın doğuluşu: Qarabağda 23 saatlıq antiterror əməliyyatı

SİYASƏT

15 Sentyabr 2025 | 13:06

Yeni reallığın doğuluşu: Qarabağda 23 saatlıq antiterror əməliyyatı

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı müasir siyasi və hərbi reallıqlarda dönüş nöqtəsi oldu. Bu əməliyyat yalnız hərbi qələbə deyil, həm də dövlət suverenliyinin tam bərpası baxımından tarixi əhəmiyyət daşıyır.

Əvvəla, əməliyyatın başlanmasının səbəbləri özünü bir neçə istiqamətdə göstərirdi. İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatın şərtlərinə əməl olunmur, Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmır, əksinə, yeni mövqelər qurulur, silahlanma gücləndirilirdi. Eyni zamanda, təxribatların artması, minaların basdırılması, sərhəddə silahlı insidentlərin davam etməsi vəziyyəti dözülməz həddə gətirirdi. Bu addımlar separatizmin davam etdirilməsinə və bölgədə təhlükəsizlik risklərinin böyüməsinə səbəb olurdu.

Əməliyyatın nəticələri qısa müddətdə özünü göstərdi. Cəmi 23 saat ərzində Azərbaycan Ordusu yüksək dəqiqlikli zərbələrlə separatçı qüvvələrin mövqelərini sıradan çıxardı, onların texnika və silah anbarlarını ələ keçirdi. Ermənistan ordusunun qalıqları tam tərksilah olundu, separatçılar ağ bayraq qaldırmağa məcbur edildi. Ən mühüm nəticələrdən biri isə qondarma rejimin ləğvi və bölgədə Azərbaycanın suveren idarəçiliyinin bərpa olunması oldu.

Əməliyyat həm də siyasi mesaj xarakteri daşıyırdı. Azərbaycan dünyaya göstərdi ki, ərazi bütövlüyünə qarşı yönələn hər hansı separatizm cəhdinə güzəşt edilməyəcək. Bununla yanaşı, mülki əhalinin qorunması, tibbi və humanitar dəstəyin təmin olunması Azərbaycanın humanist yanaşmasını ön plana çıxardı. Bu, həm beynəlxalq ictimaiyyət, həm də Qarabağda yaşayan erməni icması üçün mühüm siqnal idi.

Sonrakı mərhələdə separatçı rejimin rəhbərlərinin həbs olunması, Qarabağda reinteqrasiya prosesinin başlanması, Azərbaycanın dövlət bayrağının Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılması bu qələbənin siyasi və simvolik dəyərini daha da gücləndirdi. Beləliklə, 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın suveren dövlət kimi mövqeyini möhkəmləndirdi, regionda yeni geosiyasi reallığın əsasını qoydu və uzunmüddətli sülh üçün yeni şərait yaratdı.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

14 Sentyabr 2025