Tarixin ən həlledici məqamları bəzən bir xalqın gələcəyini kökündən dəyişdirən anlarla yadda qalır.
Azərbaycan tarixində belə dönüş nöqtələrindən biri də 15 sentyabr 1918-ci ildə yaşandı. O dövrdə Azərbaycan Xalq Cümhuriyyəti cəmi bir neçə ay idi ki, müstəqilliyini elan etmişdi. Lakin paytaxtın taleyi hələ də daşnak-bolşevik qüvvələrinin əli altında idi.
Bakı yalnız neft və strateji mövqeyi ilə deyil, həm də milli kimliyimizin mərkəzi olması ilə hədəf seçilmişdi. Həmin illərdə bölgədə siyasi vəziyyət son dərəcə mürəkkəb idi: böyük dövlətlərin maraqları toqquşur, yeni ittifaqlar yaranır, köhnə sərhədlər dəyişirdi. Almaniya və Rusiya arasında imzalanan gözlənilməz müqavilə, Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsini dayandırmaq niyyətini daşıyırdı. Lakin milli iradə bu planların fövqündə dayandı.
Məhəmməd Əmin Rəsulzadənin teleqramla Qafqaz İslam Ordusunun Bakıya daxil olmasını tələb etməsi bu mübarizədə əzm və milli ruhun təzahürü idi. 15 sentyabrda Nuru Paşanın komandanlığı altında türk əsgərlərinin Bakıya daxil olması yalnız hərbi zəfər deyildi – bu, həm də Azərbaycan xalqının azadlıq yolunda tükənməz əzmini, qardaş Türkiyənin fədakarlığını və birlik gücünü sübut edən tarixi an idi.
Əgər həmin gün Bakının azad edilməsi baş verməsəydi, Azərbaycan xalqının müstəqillik və dövlətçilik yolunda taleyi necə dəyişərdi?
Bakıvaxtı.az mövzu ilə bağlı tarixçi-alim, professor Boran Əzizlə söhbətləşib.
Müsahibimiz bildirib ki, 15 sentyabr Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. Bu gün 1918-ci ildə Bakı daşnak-bolşevik işğalından azad edilərək milli tariximizdə əbədi olaraq zəfər günü kimi yazıldı. Paytaxtımızın Bakı olması da məhz bu tarixi zəfərin nəticəsi idi. Çünki həmin dövrdə bəzi qüvvələr Bakının Azərbaycan paytaxtı olmasına razı deyildilər:
"1918-ci ilin iyunundan başlayan mübarizə iki istiqamətdə irəliləyirdi. Gözlənilmədən Almaniyanın Rusiya ilə imzaladığı müqavilə Qafqaz İslam Ordusunun Bakıya yürüşünü əngəlləmək niyyəti daşıyırdı. Lakin milli iradə və əzm bu planları puça çıxardı. Məhəmməd Əmin Rəsulzadə teleqram vasitəsilə Qafqaz İslam Ordusunun Bakıya daxil olmasını tələb edərək bu mübarizədə milli iradənin səsini ucaltdı".
Boran Əziz: 15 sentyabr yalnız bir tarix yox, milli birliyin, qardaşlığın, əzmin və qürurun simvoludur
Onun sözlərinə görə, şərait ağır, imkanlar məhdud idi. Amma iman, iradə və qəhrəmanlıq qələbəyə yol açdı. 15 sentyabrda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakıya daxil oldu. Qırğın və zülm altında inləyən xalq sevinclə göz yaşı tökür, qurbanlar kəsir, xilaskar ordunu dua ilə qarşılayırdı. O gün türk mətbuatı bu zəfəri böyük coşqu ilə işıqlandırdı:
"Düşmən qüvvələri layiqli cavablarını aldı və rədd edildi. Bu tarixi zəfərdə 1130 türk əsgəri şəhidlik zirvəsinə ucaldı. Onların qəhrəmanlığı Azərbaycanın azadlığı və paytaxtımızın müstəqillik simvoluna çevrilməsinin bünövrəsini qoydu. Bu səbəbdən, biz həmişə həmin şəhidlərə borcluyuq – onların qanı üzərində qurulan müstəqilliyimizi uca tutmaq borcumuzdur".
Boran Əziz onu da əlavə edib ki, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları da bu tarixi prosesin məntiqi davamı idi. Bu zəfərlər göstərdi ki, Azərbaycan xalqı tarix boyu olduğu kimi bu gün də öz torpaqlarını qorumağa qadirdir:
"Şəhidlərimiz xalqımızın müqəddəsləridir. Onların irsi və qəhrəmanlığı gələcək nəsillərə qürur mənbəyi kimi ötürüləcək. 15 sentyabr yalnız bir tarix yox, milli birliyin, qardaşlığın, əzmin və qürurun simvoludur".
Əli Hüseynov