Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.
Bakıvaxtı.az-ın məlumatına görə, xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin 2025-2026-cı tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrə əsasən tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2025-ci il tarixdə başlayacaq, 14 iyun 2026-cı il tarixdə başa çatacaq.
Bu gün təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.
Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq. Məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın qət etdiyi tarixi yol haqqında şagirdlərin biliklərinin artırılmasıdır.
Eyni zamanda, dövlət rəmzlərinə, azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi də əsas məqsədlər sırasındadır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün bilik günü kimi qeyd olunub.
Nərgiz Məmmədli