• Bakı 20° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Mənim nə aldığımın camaata nə dəxli var? - Mağazalarda açılan canlı yayımlar, istəmədən kadra düşən alıcılar...

CƏMİYYƏT

15 Sentyabr 2025 | 14:23

Mənim nə aldığımın camaata nə dəxli var? - Mağazalarda açılan canlı yayımlar, istəmədən kadra düşən alıcılar...

Yəqin ki, sosial şəbəkələrdən istifadə edən hər kəsin qarşısına ən azı bir dəfə də olsa hansısa marketdən, mağazadan açılan canlı yayım, çəkilən görüntülər çıxıb. Belə ki, indi mağazalar məhsullarını, endirim kampaniyalarını və xidmətlərini nümayiş etdirmək üçün canlı yayımdan daha geniş istifadə edirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, amma canlı yayımlar zamanı mağazada alış-veriş edən müştərilər də istər-istəməz kadra düşürlər. İnsanların üzlərinin, aldıqları məhsulların göstərilməsi onların narahatlığına səbəb ola bilər. Bu, həm tanışları, həm də ailə üzvləri tərəfindən xoş qarşılanmaya, müəyyən narazılıqların yaranmasına gətirib çıxara bilər.

Bakı sakini Maqsud Ağazdə də belə situasiya ilə üzləşib. Bu yaxınlarda marketlərin birində açılan canlı yayımda kadra düşən müsahibimiz förüntülərinin yayımlanmasından o qədər də məmnun deyil:

“Mən artist deyiləm, deputat deyiləm ki, məni çəksinlər.  Mənim nə aldığımın, nə yediyimin camaata nə dəxli var, axı? Çəkilişiniz var, mağazanı bağlayın, çəkilişi aparın, sonra yenə açarsınız”

Bəs, bu çəkilişləri aparanlara qarşı hansı hüquqi məsuliyyət nəzərdə tutulur? İcazəsiz çəkilən görüntülər insanların davranışlarına necə təsir edir?

Vüsal Cəfərov: Çəkilişdən sonra videonun paylaşılması zamanı məsuliyyət yarana bilər

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Vüsal Cəfərov bildirib ki, Konstitusiyanın 32-ci maddəsinin 3 cü bəndinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

V.Cəfərov qeyd edib ki, Cinayət Məcəlləsinin 156-cı maddəsində isə şəxsi həyata toxunulmazlığın pozulmasına görə məsuliyyət müəyyən edilir. Müsahibimiz izah edib ki, bu maddəyə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılmasına yol verən şəxslər 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır:

“Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, yaxud məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünasın sözlərinə görə, bu cür çəkilişə düşən şəxslər həmin videonun silinməsini tələb etməklə yanaşı, bundan irəli gələn dəymiş mənəvi ziyanı da tələb edə bilər:

“Qeyd olunan çəkilişin aparılması yox, həmin çəkilişdən sonra videonun paylaşılması zamanı məsuliyyət yarana bilər. Çünki çəkiliş təsadüfü şəkildə, kiməsə münasibətdə qəsdən aparılmır. Ona görə maksimum şəkildə həmin şəxslərin üzü görünmədən paylaşılmalı və ya əvvəlcədən onların razılığı alınmalıdır. Haqqıda danışılan situasiyada mağaza yox, çəkilişi aparan və onu yayan şəxs məsuliyyət danışır”.

Yusif Nəbiyev: Kimisi görünməyi fürsət hesab edir, kimisi isə risk

Sosioloq Yusif Nəbiyevin Bakıvaxtı.az-a dediyinə görə, adına “Panoptikon” effekti deyilən bir fenomen var ki, hər kəsin kimlərsə tərəfindən izlənildiyini hiss etməsidir. Onun sözlərinə görə, ictimai məkanlarda icazəsiz çəkilişlərin artması da insanlarda belə bir effekt yaradır.

Sosioloq qeyd edib ki, məşhur fransız filosofu və tarixçisi Mişel Fuko bunu həbsxana modeli ilə izah edirdi, amma bu gün hansısa marketdə endirimdən yararlanmaq istəyən və birdən-birə canlı yayıma düşən müştəri də eyni mexanizmlə davranışını dəyişir.

Y.Nəbiyev qeyd edib ki, insanlar izlənildiklərini biləndə özünü daha çox senzura etməyə, təbii davranışdan uzaqlaşmağa başlayırlar. Bu isə gündəlik sosial münasibətləri süni hala gətirir:

“Doğrudur ki, bəzi insanlar bu halları “təbii” qarşılayır, çünki sosial şəbəkələrdə daimi görünməyə artıq adaptasiya olublar. Başqa sözlə desək, onlar üçün "kamera arxası" həyat qalmayıb. Amma bir qisim insanlar isə bununla şəxsi areallarının və sərhədlərinin pozulduğunu hiss edib narahat olurlar. Yəni, kimisi görünməyi fürsət hesab edir, kimisi isə risk”.

Müsahibimiz bildirib ki, əgər kimlərsə birbaşa çəkiləcəksə, üzləri, səsləri aydın tanınacaq formada kadrlara düşəcəksə, bu halda o insanlar əvvəlcədən xəbərdar edilməli və yalnız icazə verdikləri halda çəkiliş edilməlidir.

“Yəni, kimsə sadəcə marketdə sadə ev halı ilə, ola bilər ki, köhnə geyimlə və ya dağınıq saç-başla alış-veriş etmək istəyir və birdən-birə hansısa reklam çarxının aktyoruna çevrilirsə bu, problemdir”.

Ekspert hesab edir ki, insanların ictimai məkanlara etimadını azaldacaq, onları ictimai məkanlarda narahat hiss etdirəcək həmlələrdən uzaq durmaq lazımdır. Əks təqdirdə, tədricən insanların həm fiziki iştirakları, həm də sosial əlaqələrinin gücü zəifləməyə başlayır:

“Gülməli də səslənsə, insanları “Xiyar alıram, amma bütün ölkə bunu bilsin, ya yox?” dilemması qarşısında qoymaq olmaz. İnsanların məxfilik və şəxsi həyat toxunulmazlıqlarını endirimli məhsulların yanında kampaniya ilə birlikdə satmaq yolverilməzdir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR