• Bakı 27° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Zelenski Trampı qıcıqlandırır: Alyaska görüşünün nəticələri Ukrayna üçün xoş olmayacaq

SİYASƏT

14 Avqust 2025 | 14:44

Zelenski Trampı qıcıqlandırır: Alyaska görüşünün nəticələri Ukrayna üçün xoş olmayacaq

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt keçirdiyi brifinqdə bildirib.

Rusiya prezidenti görüşə Ukraynada rus qoşunlarının irəliləməsi və öz mövqeyinə inam fonunda yollanır. Putini səfərdə Rusiya xarici işlər naziri Sergey Lavrov müşayiət edəcək.

Ekspertlərə görə, Kreml əldə olunan hərbi uğurlardan istifadə edərək atəşkəs müqabilində əhəmiyyətli ərazi güzəştləri əldə etməyə çalışacaq.

Mövziyla bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Alyaskada ABŞ və Rusiya liderlərinin görüşü Vladimir Putinin istəyi ilə keçiriləcək.

Ekspertin sözlərinə görə, Putinin görüşmək istəyi Trampın "ərazi mübadiləsi" təklifi ilə bağlıdır:

"Trampın təklifinin tam mahiyyəti məlum deyil. Ancaq o məlumdur ki, Trampın xüsusi nümayəndəsi Rusiya rəhbəri Putinlə görüşdə "ərazi mübadiləsi" təklifini Kreml rəhbərinin diqqətinə çatdırıb. Putin bu təkliflə maraqlandığı üçün Trampla üz-üzə görüş təşəbbüsü ilə çıxış edib. ABŞ liderinin "ərazi mübadiləsi" təklfinin müəyyən detalları mətbuatda dərc olunub. Detallar ondan ibarətdir ki, Putin Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinin Rusiyaya təhvil verilməsi qarşılığında atəşkəsə getməyə hazırdır. Sonrakı mərhələdə "ərazi mübadiləsi" müzakirə olunur”.

A.Səmədova görə, mahiyyət ümumən odur ki, Rusiya Sumı, Dneprpetrovsk və Xarkovda tutduğu əraziləri Ukraynaya geri qaytarır, əvəzində Ukrayna Zaporejyedən və Xersondan tamamilə çıxır. Ukrayna prezidenti Volodimir Zelenski buna kəskin şəkildə etirazını bildirir. Avropa liderləri də ehtiyatla narazılıqlarını bildirirlər.

Abutalıb Səmədov: Tramp Putindən razılaşmaya gəlmək istəyir və Kreml rəhbərinin istəklərini qəbul edir

Həmsöhbətimiz əlavə edib ki, Rusiya ordusu son günlər sürətlə cəbhədə irəliləyir:

"Əgər "ərazi mübadiləsinə" gedilməsə, bir müddət sonra Rusiya həmin əraziləri zəbt edə bilər. Zelenski bunu da nəzərə almalıdır. Putin Alyaska görüşündə tutduğu ərazilərdən "kozur" kimi istifadə etmək niyyətindədir. Tramp Putindən razılaşmaya gəlmək istəyir və demək olar ki, Kreml rəhbərinin istəklərini qəbul edir”.

A.Səmədov Alyaska görüşünün nəticəli olacağını güman edir:

“Ehtimal yüksəkdir. Əlbəttə, bu, Kiyevi, Avropa dövlətlərini qane etməyəcək. Əgər Trampın təklifini Zelenski qəbul etməsə, Ağ Ev rəhbəri Ukraynaya yardımı dayandıracağını, prosesdən çəkiləcəyini deyir. ABŞ olmadan Zelesnki Rusiya qarşısında dayana bilərmi? Bunun üçün Avropa yardımları 2-3 dəfə artırmalıdır. Təəssüf ki, hazırda Avropanın imkanları məhduddur. ABŞ silahları olmadan Ukraynanın Rusiya qarşısında dayanması qeyri-mümkündür. Zelenski Trampı qıcıqlandıran bəyanatlar verir. Tramp da buna kəskin reaksiya verdi. O baxımdan Alyaska görüşünün nəticələri Ukrayna üçün xoş olmayacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR