Avropa İttifaqı çərçivəsində keçirilən yüksək səviyyəli görüş zamanı tərcüməçi casusluqda şübhəli bilinərək ifşa olunub.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.
Nəşrin araşdırmasına əsasən, 2024-cü ilin dekabrında Brüsseldə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilən Avropa Şurasının iclasında iştirak edən tərcüməçi Rusiya ilə əlaqələrə görə işdən uzaqlaşdırılıb. 19 dekabr 2024-cü ildə baş tutan görüş ABŞ-da Donald Trampın yenidən prezident seçilməsi ehtimalı fonunda və Ukraynaya ayrılması nəzərdə tutulan 30 milyard avroluq yardımın bölüşdürülməsi baxımından həyati əhəmiyyət daşıyırdı. İclas bağlı qapılar arxasında keçmiş və təhlükəsizlik səbəbindən tərcüməçilərə yazılı qeyd aparmaq qəti şəkildə qadağan olunmuşdu.
Ancaq “La Monde”nin yazdığına görə, iclas zamanı çexiyalı tərcüməçilər Ukrayna dilinə cavabdeh olan qadının məmurların dediklərini qeyd etdiyini görüb. Bu fakt dərhal təhlükəsizlik xidmətlərinə bildirilib. Tərcüməçi kabinədə cinayət başında yaxalanaraq dərhal kənarlaşdırılıb, avadanlıqları müsadirə olunub və akkreditasiyası ləğv edilib.
Araşdırmalardan sonra məlum olub ki, xanım İ. adlı bu qadın Rusiya mənşəlidir, valideynləri rusdur, bacısı da peşəkar tərcüməçidir. Bacılardan biri Rusiyada anadan olub. Hər iki bacı 20 ilə yaxındır NATO, Avropa Komissiyası, Fransa Müdafiə və Xarici İşlər Nazirliyində tərcüməçi kimi çalışıb.
Maraqlıdır ki, Ukraynanın Brüssel və Parisdəki səfirlikləri illərdir bu qadının tərcüməçi kimi Zelenskiyə yaxın buraxılmaması üçün xəbərdarlıq etsə də, Aİ strukturları bu siqnalları nəzərə almayıb.
“Le Monde” yazır ki, qadın əvvəllər Kiyevdə, sonra Strasburqda təhsil alıb. O, şərhində hadisəni kiçik anlaşmazlıq” adlandırıb, NATO və Fransa strukturları ilə davam edən əlaqələrini göstərərək özünü müdafiə edib. Lakin Avropa Komissiyası artıq onun xidmətlərindən istifadə etməyəcəyini açıqlayıb.
Ən maraqlısı isə budur ki, rəsmi şəkildə xanım İ. heç vaxt NATO, Fransanın Brüsseldəki daimi nümayəndəliyi və ya Fransa nazirliklərinin tərcüməçi siyahısından çıxarılmayıb. 2024-cü ilin əvvəlində o, Ukraynayla bağlı olmayan bir neçə beynəlxalq tədbirdə iştirak edib. Bu hadisə istər Avropa İttifaqının təhlükəsizlik mexanizmlərinin zəifliyini, istərsə də Rusiya kəşfiyyatının Aİ strukturlarına nüfuz imkanlarının hələ də mövcud olduğunu göstərir.
Bu cür hadisə 2017-ci ildə Ukraynanın özündə də baş vermişdi. O dövrdə baş nazir Vladimir Qroysmanın tərcüməçisi Stanislav Yejov Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinərək ifşa olunmuşdu. O, mühüm dövlət görüşlərində iştirak etmiş, Co Baydenlə belə eyni masada olmuşdu. SBU onun casus kimi fəaliyyət göstərdiyini bildirmiş, 2019-cu ildə Rusiyaya dəyişmişdi.