12 noyabr Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan bir gündür.
Bu tarix Konstitusiya Günü kimi qeyd olunur. 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu sənəd müstəqil Azərbaycan dövlətinin siyasi, hüquqi və ideoloji əsaslarını müəyyən etdi, xalqın suveren iradəsinin, azadlıq və hüquqlarının təntənəsinə çevrildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin respublikamızda “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi günün dərin mənəvi və siyasi əhəmiyyətini daha da artırır.
Bu qərar milli dövlətçilik dəyərlərimizə, siyasi irsimizə, müstəqillik salnaməmizə ali ehtiramın təcəssümüdür və Konstitusiyanın milli həyatımızdakı rolunun hərtərəfli öyrənilməsi, təbliği və inkişafı baxımından mühüm hadisədir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin vitse-spikeri, hüquq elmləri üzrə fəlsəfə doktoru Ziyafət Əsgərov bildirib ki, dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratdı:
"Bu baxımdan 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” mütərəqqi və tarixi bir sənəddir. Bu çərçivə sənədində müstəqillik və suverenliklə bağlı məsələlər öz əksini tapıb, habelə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün əsas olduğu qeyd edilib. Lakin müstəqilliyimizin ilk illərində ölkədə yaranmış siyasi qeyri-sabitlik, iqtisadi böhran, daxili çəkişmələr və separatçılıq meyilləri dövlətçiliyimizi təhlükə altına qoymuşdu. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa edildi, dövlətçiliyimiz qorundu və hüquqi dövlət quruculuğu prosesinə start verildi. Ulu Öndərin bu istiqamətdə həyata keçirdiyi ilk tədbirlərdən biri yeni Konstitusiyanın hazırlanması oldu".
Onun sözlərinə görə, konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir:
"Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiya yaradıldı. Layihənin hazırlanması zamanı sənədin müasir çağırışlara cavab verməsi, milli-mənəvi dəyərləri və Azərbaycan xalqının suverenlik ideyalarını əks etdirməsi əsas məqsəd idi. Heydər Əliyev layihənin hər bir müddəasını şəxsən nəzərdən keçirir, onun müzakirələrinə rəhbərlik edirdi. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbuluna səs verdi. Tariximizə “Heydər Əliyev Konstitusiyası” kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunun əsasını qoydu".
O xatırladıb ki, bu Konstitusiya ilə Azərbaycan dövlət və cəmiyyətin təşkilinin demokratik prinsiplərini təsbit etdi. İnsan və vətəndaş hüquqları ali dəyər kimi tanındı, dövlət hakimiyyəti qanunverici, icra və məhkəmə qolları üzrə bölündü. Bununla da hüquqi dövlətin təməli qoyuldu.
"Konstitusiyanın qəbulundan sonra onun müddəaları dövlətin bütün sahələrində həyata keçirildi, siyasi sabitlik təmin olundu, insan hüquqlarının müdafiəsi, sosial-iqtisadi islahatlar və beynəlxalq hüquqa uyğun idarəetmə sistemi formalaşdı. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamda deyildiyi kimi, bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunması üçün mühüm hüquqi baza rolunu oynayır",- vitse-spiker qeyd edib.
Həmsöhbətimiz onu da deyib ki, 1995-ci ildən sonra Konstitusiyada zamanın tələblərinə uyğun olaraq bir neçə dəfə dəyişikliklər edilib. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar vasitəsilə həyata keçirilən bu dəyişikliklər demokratik idarəetmənin təkmilləşdirilməsi, insan hüquqlarının genişləndirilməsi və dövlətin müasir çağırışlara uyğunlaşdırılması məqsədi daşıyırdı:
"Bu dəyişikliklərə baxmayaraq, Konstitusiyanın əsas prinsipləri sabit qalmış, sənəd öz aktuallığını qorumuşdur. Azərbaycan Konstitusiyası müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətçiliyimizin ali təzahürüdür. O, xalqın iradəsini, milli dəyərlərini və azadlıq idealını ifadə edən tarixi sənəddir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş bu Konstitusiya bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun hüquqi dayağı olaraq ölkəmizin inkişafını təmin edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu sənədin əhəmiyyətini bir daha vurğulayır və dövlətçilik tariximizdə onun roluna verilən yüksək qiymətin təcəssümüdür".
Əli Hüseynov
Bakı 



