Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun gəlini əri Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını açıqlayıb.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıbmış.
O, 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”nin baş müəllimi, əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib.
O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə, onun boğazından tutaraq xəsarət yetirib. Müəllim aidiyyəti üzrə 22-ci bölməyə müraciət edib.
Bundan əlavə, elə həmin binada yaşayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun Məhəmməd Pənahovla problemlər yaşadığı bildirilir. Belə ki, M. Pənahovun evində hay-küylü məclislər təşkil etməsi Z.Əsgərovun narazılığına səbəb olub. Onun bununla bağlı Məzahir Pənahova şikayət etdiyi qeyd olunur.
“Qafqazinfo” xatırladır ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb. H. Pənahova iddia edir ki, əri sonradan içki aludəçisinə çevrilib. Şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirib.
H.Pənahovanın boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov vəkili vasitəsilə boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini istəyib. Amma məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib. Tərəflər arasında başqa bir çəkişmə qadına məxsus qızıl-zinət əşyaları və bahalı geyimlərlə bağlıdır. 300 min manatdan çox qiyməti olan əşyalarla bağlı həllini tapmadığı üçün ailənin keçmiş gəlini yenidən məhkəməyə üz tutacaq.