"Bunkerdə süni intellekt həllərin tətbiqi üçün zaman yetişib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Dövlət İmtahan Mərkəzinin ötən gün keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə 1 sualda yaranan texniki səhv yarandığını və müvafiq sualın düzgün cavablandırılmış kimi qəbul ediləcəyi ilə bağlı açıqlamasına fikir bildirərkən deyib.
Bunun təəccüblü hal olmadığını qeyd edən Osman Gündüz söyləyib ki, son illərdə demək olar ki, hər imtahan sessiyasında bənzər hallar yaşanır. Xatırladıb ki, bir neçə gün öncə keçirilən imtahanlarda da Tarix fənni üzrə problemin olduğu bildirilib:
"Özüm şahidəm ki, DİM bu proseslərə xüsusi diqqət ayırır. Bir neçə mərhələli nəzarət sistemi qurulur. Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən öncə də yoxlanılır. Amma imtahan günü Bunkerdə hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayıb, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır. Bu qədər yoxalamalardan, təsdiqləmələrdən sonra yenidən səhvlərin olması çox düşündürücüdür".
Onun sözlərinə görə, bu, artıq texniki səhv yox, sistem probleminin, bəlkə də insan amilinin və ya məsuliyyət boşluğunun göstəricisidir.
Baş verən halın kiçik bir məsələ kimi görünsə də, əslində imtahan verən üçün, valideynləri üçün, onu yetişdirən müəllimlər və məktəb üçün ciddi problem olduğunu nəzərə çatdırıb və əlavə edib ki, abituriyent bu cür problemli bir tapşırığa xeyli vaxt sərf etməli olur, stress keçirir və bu itirilmiş zaman və başağrısı da yekun nəticəyə təsir edir.
"Yəni DİM-in sonradan bunu "texniki səhv " deyib sakitcə üstündən keçməsi doğru yanaşma deyil. Əlbəttə əminəm ki, DİM bütün bu halları araşdırır. Təqsirkarları kənarlaşdırır və daha məsuliyyətliləri prosesə cəlb etməyə çalışır. Lakin görünür ki, bütün bunlar yetərli olmur. Bəlkə də artıq bu mərhələyə də, texnologiyaların, süni intellektin cəlb olunmasının vaxtı çatıb?"
Onu da vurğulayıb ki, DİM-in yaxşı, peşəkar və təcrübəli İT komandası var və qəbul ilə bağlı prosesləri nizamlayan, qiymətləndirməni həyata keçirən proqramları da özləri yazıblar.
"Belə olan halda düşünürəm ki , tapşırıqların texniki analizini, düzgünlüyünü və uyğunluğunu yoxlayan bir AI sisteminin tətbiqi həm şəffaflığı, həm də etibarı da artıra bilər",- deyə Osman Gündüz bildirib.
Mina Mikayılova