"Gürcüstanda demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinin pozulması, son parlament seçkilərində yaranan böhran, müxalifət partiyalarının öz mandatlarından imtina etməsi və kütləvi etirazlar Avropa İttifaqı üçün ciddi narahatlıq mənbəyidir".
Bu sözləri Avropa İttifaqının Gürcüstan məsələsini daim aktual saxlamasını şərh edən politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ-nin Gürcüstandakı vəziyyəti müzakirə etmək qərarı bir neçə əsas səbəbə dayanır:
"Başlıca səbəb Gürcüstandakı insan hüquqları və demokratiya böhranı ilə əlaqəlidir. Çünki Gürcüstan Avropa İttifaqı ilə sıx əlaqələr qurmağa və nəticədə tamhüquqlu üzv olmağa iddialıdır. Bu səbəbdən Gürcüstanda demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinin pozulması, son parlament seçkilərində yaranan böhran, müxalifət partiyalarının öz mandatlarından imtina etməsi və kütləvi etirazlar Aİ üçün ciddi narahatlıq mənbəyidir”.
Müsahibimiz hesab edir ki, əgər Gürcüstanda hazırda gedən proseslərin tam əksi baş versəydi, hakimiyyət və parlament Avropayönümlü partiyanın kontrolunda olsaydı və etiraz edənlər, küçələrə axışanlar rusyönümlü müxalifət olsaydı, Aİ-də Gürcüstan mövzusu müzakirədə olmayacaqdı:
“Yəni, məsələ həqiqətdə heç də insan haqqları və demokratiya deyil. Məsələ Aİ-nın Gürcüstan hakimiyyətinin özlərinin kontrolundan çıxması və müstəqil siyasət aparmasıdır".
Kamran Məmmədli: Əgər Gürcüstanda hazırda gedən proseslərin tam əksi baş versəydi...
K.Məmmədli bildirib ki, Aİ və Rusiya üçün üçüncü ölkələrdəki demokratiya önəmli deyil. Bu ölkələrin marağı yalnız öz maraqları çərçivəsindədir. Rusiya rus və rusdilli vətəndaşlarını qorumaq adı ilə, Aİ isə demokratiya bəhanələri ilə təzyiq edirlər.
"Aİ-nin bu planlarını reallaşdırma ehtimalı Gürcüstan hökumətinin atacağı növbəti addımlarından, eləcə də beynəlxalq və daxili ictimaiyyətin hərəkətindən asılı olacaq. Lakin görünən odur ki, Gürcüstan müxalifətinin etirazları və təzyiqləri yetərli deyil. Gürcü xalqının yarısından çoxu hazırkı hakimiyyətin balanslı siyasətini dəstəkləyir. Çünki onlar daha əvvəl, 2008-ci ildə qərbyönümlü siyasətin nə ilə nəticələndiyini, Aİ-nın onları meydanda tək qoyduğunu unutmayıblar", - politoloq əlavə edib.
Qeyd edək ki, sabah Brüsseldə Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasda Gürcüstandakı mövcud durumun nəzərdən keçirilməsinin müzakirə olunacağı gözlənilir.
Gülşən Şərif