Anasını qətlə yetirməkdə təqsirləndirilən Sadiq Beybudlunun cinayət işi üzrə məhkəmə prosesi nin yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sadiq Beybudlu 12 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Yardımlı rayon sakini, 20 yaşlı Sadiq Beybudlunun kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə 40 yaşlı anası Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirməsinə, sonra boynunu sındıraraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, daha sonra anasının qeyri-rəsmi nikah münasibətində yaşadığı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib. Sadiq Beybudlu şübhəli şəxs qismində saxlanılıb və prokurorluğa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.