• Bakı 23° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

Belə getməməliydin… - Qalib İbrahimoğlu yazır
YAZARLAR
26 May 2022 | 10:53

Belə getməməliydin… - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Deyir, insan ölümünü duyur. Bunu hər hərəkəti ilə hiss etdirir, hər söhbətində o dünyadan bəhs edir.

Bu gün aramızda yoxluğundan bir həftə keçən jurnalist həmkarımız Qadir İbrahimlinin də ürəyinə dammışdı  haqq dünyasına köçəcəyi. Oturub-durub rəhmətlik atası Nadir kişidən danışırdı elə hey, rəhmətlik anasını yad edirdi tez-tez... Sosial şəbəkədə sonuncu statusu da elə anasıyla bağlı oldu: “Onun günüdür, məni dünyaya gətirən gözəl xanımın. Həm də yubileyidir - 85 yaş. Nur içində yat gözəl anam, inşallah axirətdə görüşəcəyik!”

Heç 3 gün çəkmədi ki, görüşdü anasıyla…

Onunla salam-əleykümümüz illərə bağlıydı. O illərə ki, qəzetə də hörmət vardı, qəzetçiyə də. O illərə ki, sözün kəsəri vardı. O illərə ki…

2013-cü ildən isə həm də qonşu olduq əksəriyyətin həsədlə baxdığı “Jurnalistlər binası”nda. Və illərə dayanan salam-əleyk dostluğa, qardaşlığa, ailələrin bir-birinə get-gəlinə çevrildi.

… Bir dəfə söhbət zamanı Qadir hansısa filmdən əzbərlədiyi “Sən kəs” ifadəsini işlədib fikrimi yarımçıq kəsmişdi. Buna görə hətta bir balaca incikliyimiz də olmuşdu. Amma sonra yaxınlaşıb “xətrinə dəyibsə, get şəkil çəkdir” deyərək incikliyi aradan qaldırmışdı.

Uşaqlarımız məktəbə bir getdiklərindən hər səhər onları mən yola salırdım. Və hər dəfə də “Elə rahatam. Arzunu Qalib əmisi yola salır” deyər, “kaş, Əlinin də məktəb vaxtı sizinkilərlə düşəydi, onu da yola salaydın” deyib əlavə edərdi.

Övladlarına çox bağlıydı Qadir. Uşaqlarının uğurlarından, onlarla bağlı arzularından danışanda sevincdən gözləri parlayardı. Qızı Arzu universitetə qəbul olanda sevincdən uçmağa qanadı yox idi. Əlüstü dostları yığıb qonaqlıq vermişdi. “Bu gündən sənin üçün, Rauf üçün, Süleyman üçün də var ha” deyərək övladlarımız ali məktəbə qəbul olanda bizim qədər sevinənlərdən olmuşdu Qadir. Üstəlik, övladı Türkiyədə təhsil alan təcrübəli ata kimi uşaqların orda hər hansı problemlə üzləşməmələri üçün məsləhət və tövsiyələrini verirdi. Və elə görüş də olmazdı ki, uşaqlarımızla maraqlanmasın, Arzunun dərslərindən danışmasın.

Övladlarıyla bağlı arzuları çoxuydu. Amma yarımçıq qaldı…

… Arzunun ali məktəbi bitirib magistraturaya qəbul olunmasını arzulayırdı.

... Əlinin orta məktəbi bitirib tələbə adını qazanacağı günü arzulayırdı.

Amma…

Qadir xəstəliyini bilirdi. Amma dostlarından gizlədirdi. Hər dəfə “həkimə getdin?”, “analizlər necə çıxdı?”, “həkim nə dedi?”, “müalicəyə başladın?” soruşanda bir bəhanə ilə yayınırdı suallardan. Hətta arada “sizi basdırmamış mənə heç nə olmaz” deyib zarafata da salardı.

… Bu gün bir həftədir ki, aramızda yoxsan.  Amma bu bir həftədə hər gün bizimləsən. Xatirələrini bölüşürük. Zarafatlarını xatırlayırıq…

Hər dəfə həyətdə gəzəndə istər-istəməz başımızı qaldırıb, balkonuna baxır, bu saat “balkon konuşması” edirmişsən kimi əl yelləyib, axırda da “ay uşaq, gedin o yanda oynayın” deyəcəyini gözləyirik…

… Ölənlə ölmək olmaz. Həyat axarındadır. Davam edir həyat.

Arzu da universiteti uğurla bitirəcək, elə o uğurla da iş karyerasına başlayacaq. Ailə quracaq, oğul-uşaq sahibi olacaq.

Əli məktəbi uğurla başa vurub, yenə o uğurla da universitetə girəcək. Öz ailəsi olacaq, oğluna Qadir adını qoyacaq. Amma bunlar hamısı sənsiz olacaq, Qadir...

… Belə etməməliydin, belə getməməliydin, Qadir İbrahimli…


SON XƏBƏRLƏR

29 Sentyabr 2022