Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarını yenidən dayandırıb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar olunan nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılan yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.
Yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunan aktların nüsxəsi sahibkara təqdim edilib.