Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası prosesinin müsbət nəticələri artıq Ermənistanın sərhəd bölgələrində hiss olunmağa başlayıb.
Bakıvaxtı.az bu barədə erməni mətbuatına istinadən xəbər verir.
Belə ki, erməni saytlarından birinə açıqlama verən Ermənistanın Tavuş vilayətinə daxil olan Noyemberyan bələdiyyəsinin meri Arsen Ağababyanın sözlərinə görə, delimitasiyadan sonra Baghanis–Voskepar istiqamətində təhlükəsizlik əhəmiyyətli dərəcədə artıb.
“İndi vəziyyət tam dəyişib. Artıq bu ərazilərdə nizami ordu birləşmələri yox, qarşılıqlı razılaşma əsasında sərhədçilər xidmət aparır. Bu da bölgədə sabitliyi və əhalinin təhlükəsizlik hissini xeyli artırıb”, – deyə mer bildirib.
Ağababyan əlavə edib ki, bölgədə təhlükəsizlik mühitinin yaxşılaşması nəticəsində sosial həyat da canlanıb, mədəni tədbirlərin keçirilməsi bərpa olunub.
Bu açıqlama bir daha sübut edir ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya prosesi regionda sabitliyin və dinc yanaşı yaşamanın təməlini qoyur. Azərbaycanın təşəbbüskarı olduğu bu proses sülhün və təhlükəsizliyin bərqərar olunmasına xidmət edir.
Əli Hüseynov