İxtisas seçimi abituriyentin gələcək həyatına birbaşa təsir edən çox mühüm qərardır. Yanlış edilən seçim həmin şəxsin gələcəkdə öz işində uğur qazanmaması isə nəticələnə bilər.
Bəs, ixtisas seçimi edərkən diqqət edilməli məqamlar hansılardır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, son dövrlərdə ixtisas seçimi daha da mürəkkəbləşib.
Onun sözlərinə görə, seçim zamanı yalnız toplanmış bal deyil, həm də maraq, istedad, qabiliyyət, əmək bazarının tələbləri və digər faktorlar nəzərə alınmalıdır:
“İxtisas seçərkən ilk növbədə abituriyentin hansı sahəyə marağı və bu sahədə qabiliyyəti olub-olmaması qiymətləndirilməlidir. Həmçinin həmin sahədə tədris olunan fənlərin abituriyentə uyğunluğu da mühüm rol oynayır. Bu, onun təhsil müddətində motivasiyasını qorumağa və nəticədə uğurlu karyera qurmağa kömək edəcək”.
R.Fikrətoğlu qeyd edib ki, abituriyent seçim edərkən yalnız bu günə deyil, gələcək illərə də nəzər salmalı, seçdiyi ixtisasın perspektivlərini dəyərləndirməlidir.
Ekspert seçim zamanı təhsil alınacaq universitetin və onun yerləşdiyi şəhərin də önəm daşıdığını deyib. Onun sözlərinə görə, bəziləri bölgələrdən Bakıya gəlib oxumağı arzulayır, bəziləri isə doğma şəhərini tərk etmək istəmir. Müsahibimiz əlavə edib ki, ailədən uzaqda olmaq bəzi abituriyentlər üçün çətinlik yarada bilər:
“Eyni zamanda, ailədən uzaqda təhsil almağın əlavə xərcləri, yataqxana, nəqliyyat və gündəlik xərclər də nəzərə alınmalıdır”.
Həmsöhbətimiz xatırladıb ki, ixtisas seçimi zamanı abituriyentə 15 yer təqdim olunur. Bu yerlərdən ilk beşini yüksək bal və marağa əsaslanaraq, növbəti beşi balına yaxın, son beşini isə balından aşağı olan ixtisaslarla doldurmaq tövsiyə olunur.
“Abituriyentlərin yalnız təhlükəsiz seçimlərə üstünlük verməsi, risk etməməsi bəzən onların perspektivli ixtisaslardan kənarda qalmasına səbəb ola bilər”.
Rizvan Fikrətoğlu: Seçim zamanı həm real, həm də perspektivli yanaşma balanslı şəkildə tətbiq edilməlidir
Təhsil eksperti seçim zamanı universitetlərin təhsil haqqı və təqaüd imkanlarının da araşdırılmalı olduğunu diqqətə çatdırıb:
“Məsələn, Mingəçevir Dövlət Universitetində rektorun fərdi təqaüdü, Bakı Dövlət Universitetində birincilik təqaüdü kimi təşviqlər mövcuddur. Həmçinin bəzi pedaqoji ixtisaslara 500 baldan yuxarı qəbul olanlara əlavə təqaüdlər verilir. Bu imkanlar haqqında əvvəlcədən məlumat toplamaq vacibdir”.
Təhsil eksperti vurğulayıb ki, ödənişli ixtisas seçərkən ailənin maddi imkanları da nəzərə alınmalıdır. O qeyd edib ki, eyni ixtisasın bir universitetdə 3000 manat, digərində isə 1500 manat olması mümkündür. Ailə büdcəsinə uyğun seçim etmək vacibdir.
R.Fikrətoğlu onu da bildirib ki, keçid ballarının illər üzrə dəyişkənliyi də təhlil edilməlidir. Dövlət İmtahan Mərkəzinin yaxın zamanda “Abituriyent” jurnalını dərc edəcəyini söyləyən həmsöhbətimiz bu jurnalda plan yerlərinin, ixtisas kodlarının, təhsil haqlarının və statistik məlumatların yer alacağını deyib:
“Bəzən abituriyentin balı yüksək olur, lakin o, inkişaf potensialı olan, lakin nisbətən az tanınan sahələrə baxmır. Halbuki bu ixtisaslar gələcək üçün əhəmiyyətli imkanlar yarada bilər. Bu səbəbdən seçim zamanı həm real, həm də perspektivli yanaşma balanslı şəkildə tətbiq edilməlidir”.
Mina Mikayılova