Ermənistanda güc strukturları həbs edilmiş iş adamı Samvel Karapetyanın 10 tərəfdarını saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i vəkil Lusine Martirosyana istinadən məlumat yayıb.
Saxlanılmanın ilkin səbəbi sosial şəbəkələrdə dərc edilmiş yazılar, ehtimal ki, kütləvi yığıncaqlarda iştirak etmələri ilə bağlıdır.
Həmçinin, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin filiallarından birinin baş mühəndisi də həbs edilib.
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bu gün bildirib ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin baş ofisində əməliyyat aparılır.
***
12:00
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu, bir sıra şirkətlərin faktiki rəhbərlərinin xüsusilə iri həcmdə pulların yuyulmasını həyata keçirmələri, mənimsəmə və vergilərdən yayınmaları ilə bağlıdır. 11 nəfər barəsində cinayət təqibi başlanıb: onlardan 5-i həbs edilib, 1-i ölkədən çıxmamaq barədə iltizam alıb, 1-i saxlanılıb, daha 4 nəfər axtarışdadır.
Məlumata görə, bütün bu addımlar "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin baş ofisində aparılan axtarışla əlaqədardır.