Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Estoniya Vergi və Gömrük Şurasının baş direktoru Rayqo Uukivi ilə ikitərəfli görüş keçirib.
DVX-dan Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Estoniya arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi risklərinin vaxtında aşkar olunması, qiymətləndirilməsi və qarşısının alınması məqsədilə təcrübə mübadiləsi, rəqəmsal alətlərdən istifadə etməklə xidmət keyfiyyətinin yüksəldilməsi və könüllü vergi ödənişlərinin stimullaşdırılması istiqamətində əməkdaşlıq, yığım mexanizmlərinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalarla bağlı fikir mübadiləsi aparıblar.
Görüşün sonunda gələcək əməkdaşlığın əsaslarını müəyyən edən protokol sənədi imzalanıb. Sənəd iki ölkənin vergi administrasiyaları arasında gələcək birgə fəaliyyətlər üçün yol xəritəsi rolunu oynayacaq və strateji tərəfdaşlığın inkişafına töhfə verəcək.