Avstraliyalı alimlər tərəfindən aparılan son tədqiqatlar fastfudun sağlamlıq üçün yeni və təhlükəli təsirini üzə çıxarıb. “Immunity” jurnalında dərc olunan araşdırmaya əsasən, yüksək doymuş yağ tərkibli fastfud qidalanması cəmi iki gün ərzində bağırsağın qoruyucu funksiyalarını zəiflətməyə başlayır.
Bakıvaxtı.az xəbər verir ki, təcrübə zamanı siçanlar yüksək yağlı pəhrizə keçirilib.
Bu növ qidalanma insanlarda əsasən fastfud və şirniyyat məhsullarının çoxluğu ilə xarakterizə olunur. Nəticədə artıq ikinci gündə bağırsağın selikli qişasının qorunmasında və toxuma bərpasında əsas rol oynayan IL-22 zülalının səviyyəsi kəskin şəkildə aşağı düşüb.
Siçanlar zahirən sağlam görünsələr də, daxildə iltihab prosesi başlayıb: bağırsaq divarları qalınlaşıb və toxumalarda immun hüceyrələrinin toplanması müşahidə olunub. Alimlər xəbərdarlıq edir ki, belə qidalanma nəticəsində yaranan iltihab ilkin mərhələdə hiss olunmasa da, zamanla xroniki formaya keçə bilər.
Bununla belə, tədqiqatçılar bildirirlər ki, fastfuddan imtina və doymuş yağların yerinə qoz-fındıq və avokado kimi doymamış yağların qəbulu bağırsağın qoruyucu funksiyasını bərpa etməyə kömək edir.
Nuriyyə Musayeva