İtaliyanın məşhur “RAİ 1” kanalı Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsində rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqi ilə bağlı sujet yayımlayıb.
Bakıvaxtı.az xəbər verir ki, jurnalist Barbara Karfanya tərəfindən hazırlanan materialda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət”in fəaliyyətinə də xüsusi yer ayrılıb.
Diqqətə çatdırılır ki, Azərbaycan Prezidentin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovativ texnologiyalar nəticəsində vətəndaş məmnunluğunun əldə olunması istiqamətində uğurlu nəticələr var.
Vurğulanır ki, dövlət orqanları ilə vətəndaşlar arasında əsas görüş yerinə çevrilən mərkəzlərdə 400-dən çox xidmət göstərilir və bu əsl gələcəyə baxışdır.
Həmçinin “ASAN xidmət”in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və bu modelin dövlət idarəçiliyində innovasiyalar axtaran ölkələr üçün nümunə olduğu ifadə olunur.
Sujetdə müasir innovativ texnologiyaların tətbiqi istiqamətində Səyyar ASAN xidmətin və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi barədə məlumat verilir. Həmçinin vətəndaşlara xidmət sahəsində ASAN könüllülərinin reallaşdırdığı təşəbbüslərdən də söz açılır.
Reportaja keçid: https://youtu.be/qVKBqyahQ6A?si=sm1dBqKcxShRszjC