• Bakı 27° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Kartdan karta köçürmələrdə 5 əməliyyat: Sahibkarları nə gözləyir?
CƏMİYYƏT
03 Avqust 2026 | 17:14

Kartdan karta köçürmələrdə 5 əməliyyat: Sahibkarları nə gözləyir?

Məlumdur ki, avqustun 1-dən etibarən kartlara mədaxil və kartdan-karta köçürmə əməliyyatlarına gündəlik 5 əməliyyat limiti tətbiq edilib. Belə ki, kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər.

Bu yeni qayda isə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusən də yeni tətbiqin sahibkarlara və onlayn satışla məşğul olanlara ciddi problemlər yaradacağı bildirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Banklar Assosiasiyasının Mərkəzi Bankla müzakirələrdən sonra belə bir qərar qəbul etməsinin əsas səbəbi vergilərdən yayınmanın aradan qalxmasıdır. Onun sözlərinə görə, Vergilər Məcəlləsində bu qadağan edilsə də, sahibkarların, xüsusən mikro, kiçik, orta sahibkarlar, pərakəndə ticarətlə məşğul olan şəxslər, xidmət sferasında məşğul olan şəxslər satış zamanı vəsaitin ödənilməsində kartdan-karta əməliyyatlarından geniş istifadə edirlər:

"Yəni, hökumət və Mərkəzi Bank əslində vətəndaşın kartdan-karta əməliyyatlarına heç bir maneə qoymaq fikrində deyil. Rəqəmlərə baxsaq, aylıq bir kartdan, bir ödəniş vasitəsindən 20 min manat məhdudiyyət qoyulub, bir ödəniş vasitəsindən maksimal limit isə 20 min manatdır. Vətəndaşların gəlirlərinə gəlsək,  orta aylıq əməkhaqqı ölkədə 1100-1200 manat arasındadır. Bu, altı aylıq statistikaya baxanda vətəndaşların nominal gəlirləri adambaşına təqribən 800 manata gəlib çatır. Bir ailənin ümumi gəlirləri aylıq iki nəfər böyük götürsək, 3000-3200 manatdan çox deyil.Yəni bir ailənin gəlirləri ölkədə nə qədərdir ki, bu ailənin kartdan-karta əməliyyatlarına mane olsun?!"

X.Kərimli vurğulayıb ki, fintex aləti üzrə vətəndaşın gündə 5 dəfə ödəniş etməsi onu göstərir ki, hökumət vətəndaş üçün xidmətlərə və yaxud da nağdsız əməliyyatlara marağı aşağı salmağı nəzərdə tutmur.

Müsahibimiz qeyd edib ki, bu gün valideyn-uşaqlar arasında kartdan-karta əməliyyatlar geniş yayılıb. Hökumət bunun üçün hər hansı bir maneə yaratmır. Bir kartda 5-ə qədər əməliyyat gün ərzində, bir ödəniş vasitəsində 5 əməliyyat olar və aylıq limit bir ödəniş vasitəsi üzrə 20 min manatdır:

“Bu aspektdə vətəndaş və ya ailə üçün hər hansı bir problem yoxdur. Hətta mən deyərdim ki, maksimal limitlər götürülüb ki, vətəndaşların nağdsız əməliyyatlara marağı aşağı düşməsin”.

Xalid Kərimli: Əsas məqsəd qanunsuz əməliyyatların və vergidən yayınmanın qarşısını almaqdır

Həmsöhbətimiz, digər tərəfdən, yeni tətbiqinin nağdsız ödənişlərin qarşısını alacaq heç bir meyar görmürəm. Dediyinə görə, burda əsas məsələ yeni qaydanın mərc ödənişlərində, vergidən yayınmada ciddi rol oynayacağıdır:

“ Çünki  vergidən yayınmaq istəyənlər kartdan-karta əməliyyatlardan geniş istifadə edirlər".

İqtisadçı hesab edir ki, Mərkəzi Bankın və Banklar Assosiasiyasının əsas məqsədi qanunsuz əməliyyatların və vergidən yayınmanın qarşısını almaqdır. Bu, birbaşa cəmiyyətin və vətəndaşın xeyrinə olan məsələdir:

"Yeni tətbiq vergidən yayınanlar və qanunsuz mərc oyunları təşkil edənlər üçün əlavə maneədir. Ona görə də hesab edirəm ki, məhdudiyyət hətta gecikmiş addımdır. Sahibkarları qanunsuz sahibkarlıq fəaliyyətindən çəkinməyə dəvət edirəm. Onsuz da kartdan-karta əməliyyatlarını vergi orqanları müəyyənləşdirəndən sonra Maliyyə Monitorinqi Mərkəzi ilə ciddi başağrısı yaranır".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR