Ermənistanın Baş naziri Nikol Paşinyan son dönəmlərdə verdiyi bəyanatlarla yenidən ziddiyyətli obraz sərgiləyir.
Bir tərəfdən Azərbaycanla sülh gündəliyini dəstəklədiyini bəyan edir, hətta Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərək pozitiv mesajlar verir. Digər tərəfdən isə Ermənistan ictimaiyyətinə yönəlik çıxışlarında “öz ərazilərinin bir hissəsini itirdiklərini” bildirərək, 2020-ci ilin 10 noyabr razılaşmasının ruhuna və reallıqlarına zidd mövqe ortaya qoyur.
Bu təzadlı yanaşma Paşinyanın sadəcə taktiki manevri deyil, həm də Ermənistanın hazırkı daxili və xarici siyasət dilemmasının təzahürüdür. O, bir tərəfdən beynəlxalq aləmdə – xüsusilə Avropa İttifaqı və ABŞ kimi oyunçular qarşısında sülh tərəfdarı obrazı yaratmağa çalışır, digər tərəfdən isə daxili siyasi spektrdə revanşist və mühafizəkar təbəqələrin təzyiqini balanslaşdırmağa cəhd edir.
Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edən Paşinyan bu gerçəkliklə barışmaq istəməyən seçici təbəqələrin dəstəyini tam itirmək istəmir. Məhz bu səbəbdən, zaman-zaman “itirilmiş ərazilər” ifadəsi ilə manipulyasiya edərək daxili populizmi körükləyir.
Paşinyanın ziddiyyətli çıxışları sülh prosesinə mane olmaqla yanaşı, regionda qarşılıqlı etimadın formalaşmasına da ciddi zərbə vurur. Bu cür qeyri-stabil siyasi davranış Ermənistanın gələcəyinə yönəlik konstruktiv yol xəritəsi çəkmək əvəzinə, onu daxili böhranlar və diplomatik inamsızlıq bataqlığında saxlayır.
Bir sözlə, Paşinyan siyasəti bu gün Ermənistanın sülhə deyil, ikili ritorika ilə zamana oynayan, amma gələcəyi itirən bir mövqedə olduğunu göstərir.
Ruslan Zəngəzur