• Bakı 23° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

Pikenin dərdi var, Pike xəstədir... - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
06 Iyul 2022 | 09:56

Pikenin dərdi var, Pike xəstədir... - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Pikeni kim tanımır ki? Dünyaca məşhur adamdı. Futbolçu kimi həm “Barselona” klubunda, həm də İspaniya millisinin heyətində qazandığı titulları, medalları, üstəlik də tər töküb aldığı pulları hesablasam, bu istidə gərək siz də, mən də xeyli vaxt itirək.

Həqiqətən də bu Jerar şanslı birisidir. Hər halda 10-15 gün öncəyə qədər belə idi. Təkcə Avropanın deyil, bütün dünyanın ən güclü klublarından sayılan “Barselona”da oynayırdı, qol vururdu, qələbə qazanırdı. Axşamlar da evə qayıdan kimi bütün dünyanın gözəl müğənnilərindən biri hesab olunan Şakira bir gün ona bozbaş, bir gün kələpur, bir gün lərgə plov bişirirdi. Arada da üç bacı dolmasını qoyurdu masanın üstünə. Hələ qara kürünü, qoz-fındığı, əncir mürəbbəsini demirəm. 2 övladına da gül kimi baxırdı. Yaşa da zalım balası...

Şakira ilə aralarından su keçmirdi, amma indi deyəsən, yekə bir qara pişik keçib. Pike bir balaca “levi” gedib, Şakira da deyib ki, iti görüm, qurdu görüm, Jerarı görməyim. Boşanma davası açıb, iş düşüb məhkəməyə. İki məşhur ər-arvadın mübahisəsində arbitr olmaq istəməzdim, bəlkə də sizli-bizli bilmədiyimiz çox şeylər var. Lakin Pikeni Şakiranın ayağına vermək kimi bir istəyim də yoxdur, ürəyimdə onun tərəfindəyəm. Öz aramızdı, bu həyatda hamımızın səhvi, yanlış addımı olub da...

Özüm görməmişəm, amma görənlər deyir ki, Pike xəstələnib, Şakiranın küsüb getməsi ona yaman pis təsir edib. Futbolçunun mədə-bağırsağı bir yana, beyni də pozulub. Şakiraya hədə dolu mesajlar göndərir, yazır ki, barışmasan gününü qara edərəm. Yazıq nə etsin, kələpur hara, lahmacun hara? Toyuq dönəri üç bacı dolmasının yerini verərmi heç? Lərgə plova öyrəşən adam nə qədər paştet yeyər axı? Jerara ürəyim ağrıyır. Şakira iki ayağını bir başmağa geyinib məhkəmə davasından geri çəkilməsə Pikenin durumu lap ağır olacaq, məhkəmə prosesinə qədər iş uzansa Şakira açacaq sandığı, tökəcək pambığı. Üstəlik də təzminat-filan, əmlak bölgüsü.

Vallahi Pikeyə ürəyim də ağrıyır, hansı bir yollasa ona kömək etmək, dəstək olmaq istəyirəm. Kişinin başına iş gələr də. İspaniyada Valeh adında bir dostum var, neçə illər öncə Lerikdən köçüb oralara. Özünə, ailəsinə yaxşı düzən qurub, oğlu da peşəkar futbolla məşğuldur. Fikrim var ki, Valehi qoşum bu məsələyə, Pike ilə Şakiranı barışdırsın. Bu çətin məsələyə gücü çatmasa tərəfləri heç olmasa məhkəmə davasından vaz keçməyə razı salsın. Ən yaxşısı isə əl-ələ tutub bizim TV-lərə çıxmaqdı. Telekanallarımızın işinin adı nədir ki? Bütün günü efirdə ya evləndirirlər, ya da elə edirlər ki, ailələr gülə-gülə, oynaya-oynaya dağılır. Qoy Pike Şakira ilə ilboyu evlənib boşansınlar, boşanıb evlənsinlər.    

Telefon nömrəmi verəcəm Valehə ki Jerara çatdırsın. Həm də planım barədə onun qulağına bir şeylər pıçıldasın ki, hazırlıqlı olsun. Bizim TV-lərə çıxmaq “Barselona”da top qovmaq deyil e...

Əsas məsələ az qala tamam yadımdan çıxmışdı, qoy Pike Şakira ilə Bakıya sentyabrın əvvəllərində, telekanallarımız yeni mövsümə start verəndə gəlsinlər. İndi tamaşaçılarımız istirahətin dadını çıxarır, dənizdə üzən kim, meşədə dincələn kim.

Sentyabrda bizim kanallarda Pikeni Şakiranın qarşısında diz çöküb gildir-gildir ağlayan görsəniz təəccüblənməyin. TV-lərimiz yeni mövsümdə maraqlı olacaq...


SON XƏBƏRLƏR

29 Sentyabr 2022