• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Sahibə Qafarova Sərdar Ayaz Sadiqlə görüşdü
SİYASƏT
07 Iyul 2025 | 17:05

Sahibə Qafarova Sərdar Ayaz Sadiqlə görüşdü

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Parlamentlərarası əlaqələr barədə danışan spiker Sahibə Qafarova qeyd edib ki, hər iki ölkənin parlamentlərində qarşılıqlı dostluq qrupları uğurla fəaliyyət göstərir və bu gün qanunverici orqanlarımız arasında çox yaxşı münasibətlər qurulub. Parlamentlərimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Bildirilib ki, Azərbaycan, Pakistan və Türkiyə arasında yaradılmış üçtərəfli əməkdaşlıq formatı strateji müttəfiq ölkələrimizin əldə etdikləri nailiyyətlərdən biridir.

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq bildirib ki, Pakistan və Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir. Assambleyanın sədri, Hindistanla münaqişədə Pakistanla həmrəylik nümayiş etdirdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

O, qeyd edib ki, ölkələrimizin yerləşdiyi coğrafi məkanlar arasında bağların gücləndirilməsi gələcək üçün böyük önəm daşıyır. Diqqətə çatdırılıb ki, Pakistan bütün beynəlxalq müstəvilərdə həmişə Azərbaycanı dəstəkləyib.

Qonaq bildirib ki, bir neçə gün əvvəl Xankəndidə keçirilmiş sammitdə dövlət və hökumət başçılarının iştirakı həm dünyaya verilmiş bir mesaj, həm də Azərbaycanın zəfərinə dəstəkdir.

Söhbət zamanı Milli Assambleyanın sədri Pakistanla Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb, Pakistan parlamentinin strukturu, fəaliyyət prinsipləri barədə məlumat verib, mütəmadi həyata keçirilən qarşılıqlı səfərlərin mühüm rolundan danışıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR