• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Trampın Ukrayna ilə bağlı bəyanatı: ABŞ-nin geri çəkilməsi, yoxsa yeni strategiya?
DÜNYA
17 Iyul 2025 | 12:53

Trampın Ukrayna ilə bağlı bəyanatı: ABŞ-nin geri çəkilməsi, yoxsa yeni strategiya?

ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbçi göndərməyəcəklərinə dair bəyanatı beynəlxalq müstəvidə müxtəlif reaksiyalar doğurub.

Bakıvaxtı.az Vaşinqtonun Ukrayna müharibəsində mövqeyi və Qərbin gələcək strategiyası ilə bağlı bu açıqlamanın mümkün nəticələri barədə politoloq Züriyə Qarayeva ilə danışıb. Onun sözlərinə görə, bu bəyanat Ukrayna üçün həm psixoloji, həm də strateji baxımdan çətinlik yarada bilər. Çünki bir müddətdir Qərb dəstəyinə arxalanan Kiyev üçün bu cür açıq mövqe dəyişiklikləri təhlükəli siqnaldır:

“Xüsusilə də Rusiya tərəfinin havadan və raket sistemləri ilə intensiv hücumlarını davam etdirdiyi bir mərhələdə ABŞ-ın birbaşa müdaxilədən uzaq duracağını açıqlaması, Ukraynanın özünü daha təcrid olunmuş hiss etməsinə səbəb ola bilər. Bu, həm də əhalidə və ordu daxilində motivasiya zəifləməsinə gətirib çıxara bilər”.

Müsahibimiz qeyd edib ki, bu bəyanat, əslində, Vaşinqtonun Moskvaya dolayısı ilə ünvanladığı ikiqat mesajdır:

“Birincisi, ABŞ Rusiya ilə birbaşa hərbi toqquşmaya getmək niyyətində deyil və bu münaqişənin qlobal miqyasda böyüməsinin qarşısını almağa çalışır. İkincisi, bu eyni zamanda Avropa müttəfiqlərinə də yönəlik siqnaldır: artıq məsuliyyətin daha böyük hissəsini Avropa ölkələri öz üzərinə götürməlidir. Yəni ABŞ bu mərhələdə “lider dəstəyi” rolunu saxlayaraq, birbaşa iştirakdan geri durur, amma silah, texnika və maliyyə dəstəyi formasında təsirini qoruyur”.

Qarayeva hesab edir ki, Trampın bu addımı iki istiqamətli nəticə verə bilər. Dediyinə görə, əgər Rusiya bu bəyanatı Qərbin zəifliyi kimi qəbul edərsə, bu, Kreml üçün yeni hücum planlarını aktivləşdirmək üçün fürsət ola bilər. Eyni zamanda, bu, NATO daxilində daha güclü koordinasiya və planlaşdırma ehtiyacını da artırır:

“Digər ssenariyə görə isə bu bəyanat müharibənin genişlənməsinin qarşısını alan balanslaşdırıcı strategiya ola bilər. Əgər bu siyasət diplomatik alətlərlə dəstəklənərsə, müəyyən danışıqlar üçün zəmin yarana bilər. Ancaq bu mərhələdə hərbi dəstəyin davamı Ukrayna üçün həlledici olaraq qalır”.

Züriyə Qarayeva: Bu, Ukrayna üçün Qərb dəstəyinə yenidən baxmaq zərurətini ortaya qoyur

Politoloq bildirib ki, Trampın açıqlamaları təkcə beynəlxalq deyil, həm də daxili siyasət baxımından stratejidir. ABŞ cəmiyyətində Ukrayna müharibəsinə xərclənən resurslarla bağlı narazılıq var. Tramp bu mövqe ilə seçki öncəsi “Amerika maraqlarını üstün tutan lider” obrazını gücləndirməyə çalışır. Onun üçün “biz başqalarının savaşlarında ölməyəcəyik” tezisi daxili auditoriyaya yönəlmiş güclü populist mesajdır.

ABŞ-nin bu addımının Ukrayna üçün nə verəyinə gəlincə, Z.Qarayeva qeyd edib ki, Ukrayna üçün bu, Qərb dəstəyinə yenidən baxmaq zərurətini ortaya qoyur. Həmsöhbətimiz bildirib ki, artıq yalnız silah deyil, siyasi, iqtisadi və diplomatik baxımdan da daha çevik və çoxşaxəli strategiyalar qurulmalıdır:

“ABŞ-dan gələn mesaj odur ki, bu müharibədə hər kəs öz məsuliyyətini və rolunu daha aydın müəyyən etməlidir. Bu isə həm Ukraynanın öz siyasətində, həm də Qərbin Ukrayna siyasətində yeni dövrün başlandığını göstərir”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

17 Iyul 2025