• Bakı 23° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

İsrailin Suriyadakı hücumları: Təhlükəsizlik narahatlığı, yoxsa yeni gegional arxitektura?

CƏMİYYƏT

17 Iyul 2025 | 15:27

İsrailin Suriyadakı hücumları: Təhlükəsizlik narahatlığı, yoxsa yeni gegional arxitektura?

İsrailin Suriyanın müxtəlif bölgələrinə, xüsusilə də Şam və ətraf ərazilərə yönəlmiş son hərbi hücumları Yaxın Şərqdəki geosiyasi balans baxımından bir sıra suallar doğurur.

Hücumların bir tərəfdən Həyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının fəaliyyətinə cavab olduğu bildirilsə də, digər tərəfdən bu hərbi əməliyyatların təkcə təhlükəsizlik məqsədi ilə həyata keçirilib-keçirilmədiyi də müzakirə mövzusudur.

Son dövrdə HTŞ-nin Suriyanın daxilində nəzarət etdiyi sahələrdə əldə etdiyi irəliləyişlər, bu qruplaşmanı həm yerli güc balansında, həm də regional diplomatik dinamikada önə çıxarıb. Bu mənada İsrailin hücumlarının, HTŞ-nin fəaliyyətini və mövqeyini zəiflətmək məqsədi güddüyü ehtimal edilir. Bundan əlavə, bu hücumların məqsədləri arasında təşkilatın qərarlarını dəyişdirmək, daha çevik və itaətkar aktora çevirmək cəhdləri də yer alır.

Digər mühüm faktor isə Suriyadakı dürzi əhalidir. İsrailin bu hücumlar vasitəsilə dürzi toplumuna “himayədar” mesajı verməyə çalışdığı təhlil olunur. Belə bir yanaşma, həm ölkədaxili sosial dayaqları gücləndirmək, həm də regional güc proyeksiyası yaratmaq məqsədi daşıya bilər.

Eyni zamanda, İsrailin əməliyyatlarının HTŞ-nin nəzarətindəki bölgələrdə güc boşluğu yaratmaq və nəticə etibarilə bu sahələri digər aktorlar üçün - o cümlədən YPG/PYD - daha əlçatan etmək ehtimalı da istisna edilmir. Bu isə daha geniş bir coğrafi dizayn vizyonunun - Fərat çayının şərqindən Aralıq dənizinə qədər uzanan, parçalanmış, lakin xaricdən yönəldilən bir regional sistemin - formalaşdırılması ilə əlaqələndirilir.

Bütün bu proseslər Suriyada daha genişmiqyaslı və mürəkkəb siyasi-hərbi konfiqurasiyaların formalaşması riskini artırır. İsrailin təhlükəsizlik maraqları və Suriyadakı qeyri-sabitlik fonunda atdığı bu addımlar bir tərəfdən anlaşılan sayılsa da, digər tərəfdən regionda mövcud olan güc balansını dəyişdirə və yeni gərginlik ocaqları yarada bilər.

Nəticə etibarilə, İsrailin Suriyadakı hərbi aktivliyi təkcə lokal təhlükəsizlik refleksi kimi deyil, eyni zamanda regional güc münasibətlərinin yenidən qurulması istiqamətində bir siqnal kimi də dəyərləndirilə bilər. Bu prosesin uzunmüddətli nəticələri isə təkcə Yaxın Şərq üçün deyil, qlobal güc mərkəzləri üçün də diqqətlə izlənməlidir.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR