Sinqapurda keçirilən dünya çempionatında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında Çin yığmasının qazandığı bürünc medal və bu nailiyyətdə 12 yaşlı Yu Zidinin də imzasının olması, Beynəlxalq Su İdman Növləri Federasiyasını (World Aquatics) mötəbər turnirdə iştirak üçün yaş məhdudiyyətlərini dəyişməyə sövq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Yu Zidi yarımfinal yarışında iştirak edib, finalda isə onu Lia Yaksin əvəzləyib. Lakin bu, yeniyetmə idmançının da medal qazanmasına mane olmayıb.
Beləliklə, Yu Zidi üzgüçülük üzrə dünya çempionatları tarixində ən gənc medalçı olub. O, bu göstərici ilə 39 illik rekordu qıraraq kanadalı Allison Nidsonu geridə qoyub. Nidson 1986-cı ildə 13 yaş 158 günlük olarkən 200 metr məsafəyə arxasıüstə üzgüçülükdə bürünc medal qazanmışdı.
Hazırda dünya çempionatlarında iştirak üçün üzgüçülərə minimum yaş məhdudiyyəti 14-dür. Yu Zidi isə bu qaydaya istisna olaraq qatılıb, çünki onun ən yaxşı nəticəsi A standartına uyğun gəlib.