• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

151 il sonra: Zərdabinin qələmi bu gün nə yazardı?

MEDİA

22 Iyul 2026 | 14:00

151 il sonra: Zərdabinin qələmi bu gün nə yazardı?

151 il əvvəl Həsən bəy Zərdabinin döyüşü senzura, savadsızlıq və mövhumat idi. Bəs bu gün yaşasaydı, nə edərdi? Yenidən “Əkinçi”ni nəşr edərdi, yoxsa bu informasiya xaosunda sadəcə susardı?

O vaxt problem xəbərin insanlara çatmaması idi. Bu gün isə hər kəs xəbər yayır. Məsələ də burasındadır; hər kəs xəbər yayır.

Dəyişən yalnız dövr və texnologiyadır. Mətbuatın əbədi axtarışı isə eyni qalır - həqiqət və etibar.

Bu gün Milli Mətbuatın 151 yaşı tamam olur. Bu, sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu, sözün, məsuliyyətin və cəmiyyət qarşısında vicdanın 151 illik yoludur. “Əkinçi”nin ilk nömrəsindən bu günə qədər dəyişən çox şey var: qəzetlərin yerini saytlar aldı, xəbərlər saniyələr ərzində dünyanı dolaşmağa başladı, süni intellekt redaksiyalara daxil oldu, sosial şəbəkələr hər kəsi potensial “jurnalist”ə çevirdi. Amma dəyişməyən bir həqiqət var - cəmiyyət hələ də doğru xəbərə möhtacdır.

Son illər Azərbaycan mediası beynəlxalq informasiya məkanında daha görünən olmağa başlayıb. COP29 bunun ən bariz nümunəsi idi. Dünyanın yüzlərlə media qurumu Bakıda fəaliyyət göstərdi, Azərbaycan jurnalistləri qlobal auditoriyaya müxtəlif dillərdə informasiya çatdırdı. Ölkə mediası təkcə tədbiri işıqlandırmadı, həm də dünyanın diqqət mərkəzində olan bir prosesin iştirakçısına çevrildi. Bu, Azərbaycan jurnalistikasının beynəlxalq imici baxımından mühüm mərhələ idi.

Bununla yanaşı, Azərbaycan mediası son illərdə beynəlxalq platformalarda daha fəal iştirak edir. Jurnalistlər xarici təlim və forumlara qatılır, beynəlxalq media təşkilatları ilə əməkdaşlıq genişlənir, rəqəmsal jurnalistika, faktların yoxlanılması və informasiya təhlükəsizliyi istiqamətində yeni layihələr həyata keçirilir. Yerli media qurumları artıq təkcə ölkə gündəmini deyil, qlobal mövzuları da peşəkar şəkildə işıqlandırmağa çalışırlar.

Texnologiya da medianın simasını dəyişib. Süni intellekt xəbər istehsalına daxil olub, multimedia jurnalistikası inkişaf edib, podkastlar, qısa videolar, rəqəmsal reportajlar yeni auditoriya formalaşdırıb. Azərbaycan mediası da bu transformasiyanın bir hissəsinə çevrilib. Bu gün bir jurnalist təkcə yazmır; o, çəkir, montaj edir, canlı yayım açır, sosial şəbəkəni idarə edir və eyni zamanda informasiyanın doğruluğunu yoxlayır.

Amma bütün bu uğurların fonunda cavabını tapmalı olduğumuz bir sual var: sürət keyfiyyəti üstələmirmi? Bəzən ilk olmaq həvəsi doğru olmaq məsuliyyətini kölgədə qoyur. Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlar, süni intellektlə hazırlanan saxta görüntülər və manipulyasiya edilmiş xəbərlər peşəkar jurnalistikanın dəyərini daha da artırır. Belə vaxtlarda media təkcə informasiya yayan deyil, həqiqəti qoruyan institut olmalıdır.

151 il əvvəl “Əkinçi” cəmiyyəti maarifləndirmək üçün yaranmışdı. Bu gün isə maarifçilik başqa formada davam edir. İnsanlara informasiyanı necə seçməyi, saxta xəbəri necə ayırd etməyi, manipulyasiyanı necə tanımağı öyrətmək də jurnalistikanın missiyasına çevrilib.

Milli mətbuatın ildönümündə özümüzü tərifləmək asandır. Amma bəlkə də bu gün ən çox ehtiyac duyduğumuz şey özümüzə sual verməkdir. Biz Zərdabinin başladığı yolu sadəcə davam etdiririk, yoxsa onun ideallarını da yaşada bilirik? Çünki medianın gücü nə izlənmə sayındadır, nə də paylaşım statistikasında. Medianın əsl gücü bir cəmiyyətin ona “inanıram” deməsindədir.

Son olaraq, 151 il sonra da dəyişməyən bir həqiqət var: qələmin vicdanı susanda, cəmiyyət də kor olur. İllər əvvəl yazılan ilk sətir hələ də bitməyib, Azərbaycan jurnalistləri hər gün onun davamını yazır. Zərdabinin yandırdığı çıraq 151 ildir sönmür. Onu söndürməmək isə bu gün qələmi əlinə alan hər kəsin borcudur.

Zeynəb Rzayeva

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026