• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Belarus liderinə qarşı ilk döyüş - "Neftçi"nin şansları necə qiymətləndirilir?

İDMAN

22 Iyul 2026 | 14:06

Belarus liderinə qarşı ilk döyüş - Neftçinin şansları necə qiymətləndirilir?

Üç illik həsrətdən sonra Avrokubok səhnəsinə qayıdan "Neftçi"ni ilk sınaqda heç də asan rəqib gözləmir.

Bakıvaxtı.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "ağ-qaralar" Belarus çempionatının hazırkı lideri "Dinamo Minsk"lə üz-üzə gələcək.

Bir tərəf mövsümün qızğın çağını yaşayır, digər tərəf isə yeni mövsümün ilk rəsmi matçına çıxmağa hazırlaşır.

Bəs bu amillər qarşılaşmanın taleyinə necə təsir edə bilər?

Buna görə  də futbol şərhçisi Fuad Eldarov Bakıvaxtı.az-a açıqlamasında komandaların hazırkı durumunu təhlil edib, üstün və zəif tərəfləri müqayisə edərək matçla bağlı proqnozunu açıqlayıb.

O bildirib ki, Belarus çempionatının yaz-payız sistemi ilə keçirilməsi "Dinamo Minsk"in daha hazır vəziyyətdə olmasına imkan yaradıb:

"Belarusda çempionat iqlim şəraitinə görə yaz-payız sistemi ilə təşkil olunur. Hazırda "Dinamo Minsk" artıq 14 tur geridə qoyub. Komanda cəmi bir dəfə məğlub olub, 33 xalla çempionatın liderləri sırasındadır və sabit oyun nümayiş etdirir. Bundan əlavə, onlar UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəliblər. Bu baxımdan rəqibi həm oyun ritmi, həm də oturuşmuş heyəti ilə daha hazır komanda hesab etmək olar".

Ekspertin sözlərinə görə, bununla belə, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub üçün rəqibi təhlil etmək elə də çətin olmayacaq:

"Rəqib artıq kifayət qədər rəsmi oyun keçirib. Bu isə məşqçilər korpusuna "Dinamo Minsk"in oyun üslubunu, zəif və güclü tərəflərini daha ətraflı analiz etmək imkanı verir. Düşünürəm ki, Yuri Vernidub rəqib haqqında kifayət qədər geniş informasiyaya sahibdir və bu məlumatlar komandanın oyun planının hazırlanmasında mühüm rol oynayacaq".

Fuad Eldarov, idman şərhçisi

Fuad Eldarov qeyd edib ki, "Neftçi" də hazırlıq prosesini intensiv şəkildə davam etdirib, yoxlama oyunları keçirib və transferlərlə heyətini gücləndirib:

"Komanda istirahət dövründən sonra yeni mövsümə hazırlaşıb, yoxlama görüşləri keçirib və heyətini yeni futbolçularla zənginləşdirib. İlk rəsmi oyunda əsas məqsəd qələbə qazanaraq cavab qarşılaşması öncəsi üstünlük əldə etmək olacaq".

Futbol şərhçisi ilk oyunda üstünlüyü "Neftçi"yə verir:

"Mənim fikrimcə, "Neftçi" öz meydanında məğlub olmayacaq. Hətta düşünürəm ki, rəqibə heç bir şans verməyəcək. Avrokuboklarda ev oyununda heç-heçə belə müəyyən mənada rəqib üçün üstünlük sayıla bilər. Buna görə də hesab edirəm ki, "Neftçi" bu görüşdə qalib gələcək və növbəti mərhələ uğrunda mübarizədə vacib üstünlük əldə edəcək".

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026