BMT Baş Assambleyası Tacikistanın təşəbbüsü ilə 2027-ci ildən başlayaraq 31 avqustu Beynəlxalq Təhlükəsiz, Etibarlı və Etimad Doğuran Süni İntellekt Günü elan edən qətnamə qəbul edib.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Tacikistanın təşəbbüsü BMT Baş Assambleyasının "Orta Asiyada Davamlı İnkişaf üçün Yeni İmkanların Yaradılmasında Süni İntellektin Rolu" qətnaməsi də daxil olmaqla, ölkə tərəfindən əvvəllər də irəli sürülən təkliflərə əsaslanır.
Beynəlxalq Günün 31 avqust tarixinin seçilməsi təsadüf deyil. Məhz 1955-ci ilin bu günündə Dartmut Universitetinin süni intellekt üzrə yay tədqiqat layihəsi təklif edilib. Bu layihə süni intellektin müstəqil tədqiqat sahəsi kimi ortaya çıxması və "süni intellekt" termininin yaranması ilə geniş şəkildə əlaqələndirilir.
Beynəlxalq Günün elan edilməsi təhlükəsiz, etibarlı və etimad doğuran süni intellektin inkişafı, tətbiqi və idarə olunması barədə beynəlxalq məlumatlılığı artırmaq, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığı və ən yaxşı təcrübələrin mübadiləsini təşviq etmək üçün illik qlobal platforma yaradır.
Qətnamə BMT agentliklərini, proqramlarını və fondlarını süni intellekt sahəsində potensialın artırılması proqramlarının hazırlanmasında üzv dövlətləri dəstəkləməyə və bu Beynəlxalq Günün hər il qeyd olunmasını təşviq etməyə çağırır.
Gülşən Şərif




