ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Karakas arasında bağlanan neft sazişi hesabına ölkəsinin Strateji Neft Ehtiyatlarının bərpa ediləcəyini açıqlayıb. Məlumata görə, razılaşma sübut olunmuş ehtiyatları təxminən 65 milyard barel olan 17 neft yatağının işlənilməsini nəzərdə tutur və ABŞ tərəfi layihələr üzərində “majoritar nəzarət” əldə edəcək. Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodriges isə layihələr çərçivəsində ölkəyə 100 milyard dollardan artıq investisiyanın yatırılacağını bildirib.
Tramp ehtiyatların əvvəlki prezident Cozef Baydenin hakimiyyəti dövründə demək olar ki, tükəndiyini deyərək sazişi “tarixin ən böyük neft sövdələşməsi” adlandırıb. Razılaşmanın enerji bazarına, ABŞ-Venesuela münasibətlərinə və qlobal geosiyasi rəqabətə mümkün təsirləri ilə bağlı politoloq Züriyyə Qarayeva ilə müsahibəni təqdim edirik.
– ABŞ və Venesuela arasında imzalanan neft razılaşmasının əsas strateji mahiyyəti nədən ibarətdir?
– Bu razılaşma ilk növbədə ABŞ-nin enerji təhlükəsizliyini geosiyasi təsir imkanları ilə birləşdirən strateji addımdır. Vaşinqton Venesuela neftindən istifadə etməklə Strateji Neft Ehtiyatlarını bərpa etmək və gələcək təchizat böhranlarına qarşı daha çevik mövqe qazanmaq istəyir. Eyni zamanda, Amerika şirkətlərinin yataqların işlənilməsinə cəlb olunması ABŞ-ni Venesuelanın enerji sektorunda əsas qərarverici aktorlardan birinə çevirə bilər. Karakas üçün başlıca qazanc uzun illər investisiya çatışmazlığı yaşayan neft sənayesinin yenilənməsi və hasilat imkanlarının artırılmasıdır. Lakin iqtisadi ehtiyacların yaratdığı bu yaxınlaşma tərəflər arasında tam siyasi etimadın yarandığı anlamına gəlmir. Razılaşmanın strateji mahiyyəti də məhz qarşılıqlı ehtiyacların Vaşinqtonla Karakası praqmatik əməkdaşlığa sövq etməsidir.
– Trampın Bayden dövründə Strateji Neft Ehtiyatlarının demək olar ki, tükəndiyi barədə fikri nə dərəcədə əsaslıdır?
– Trampın “ehtiyatlar demək olar ki, tükənmişdi” fikri reallıqdan daha çox daxili siyasi ritorikanın tərkib hissəsidir. Bayden administrasiyası 2022-ci ildə enerji qiymətlərinin kəskin artımını yumşaltmaq üçün ehtiyatlardan böyük həcmdə neft satışına getmişdi. Bu qərar ehtiyatları ciddi şəkildə azaltsa da, anbarların tam boşalması barədə danışmaq düzgün deyil. Üstəlik, 2026-cı ilin martında ehtiyatlardan 172 milyon barelin buraxılmasına Tramp administrasiyasının özü qərar verib. İndi Venesuela nefti hesabına bərpa planı Trampa həm enerji təhlükəsizliyini gücləndirən lider obrazı yaratmaq, həm də əvvəlki administrasiyanı məsul göstərmək imkanı verir. Deməli, burada iqtisadi zərurətlə yanaşı, daxili siyasi mübarizəyə hesablanmış güclü təbliğat elementi də mövcuddur.
– Bu razılaşma dünya neft bazarına, qiymətlərə və ABŞ istehlakçılarına necə təsir göstərə bilər?
– Razılaşmanın neft qiymətlərinə təsiri dərhal deyil, mərhələli şəkildə hiss olunacaq. Venesueladakı yataqların tam gücü ilə işləməsi üçün böyük sərmayə, müasir texnologiya və köhnəlmiş infrastrukturun yenilənməsi tələb olunur. Hasilat artdıqca bazarda əlavə təklif yarana və bu, qiymətlərin yüksəlməsini məhdudlaşdıra bilər. Digər tərəfdən, ABŞ-nin Strateji Neft Ehtiyatlarını sürətlə doldurması bazarda əlavə tələb yaradacağından qısamüddətli qiymət təzyiqi də mümkündür. Venesuela hasilatının yüksəlməsi OPEC+ daxilində kvotalar və bazar payı ilə bağlı yeni müzakirələrə səbəb ola bilər. ABŞ istehlakçıları üçün real nəticə isə sazişin nə qədər sürətlə icra olunacağından, sanksiya rejimindən və qlobal təchizatdakı ümumi vəziyyətdən asılı olacaq.
– Saziş ABŞ-nin Latın Amerikasındakı mövqeyinə və Venesuelanın Rusiya, Çin və İranla münasibətlərinə hansı təsiri göstərə bilər?
– Razılaşma ABŞ-nin uzun fasilədən sonra Venesueladakı siyasi və iqtisadi təsirini bərpa etməyə başladığını göstərir. Vaşinqton enerji sektoru vasitəsilə Karakası Rusiya, Çin və İranla dərin əməkdaşlıqdan müəyyən qədər uzaqlaşdırmağa çalışa bilər. Venesuela isə 100 milyard dollardan artıq investisiya perspektivindən istifadə edərək iqtisadiyyatını dirçəltmək və beynəlxalq təcridi azaltmaq istəyir. Bununla belə, yataqlar üzərində Amerika tərəfinin majoritar nəzarəti ölkə daxilində suverenlik və milli sərvətlərə nəzarət məsələlərini mübahisələndirə bilər. Karakasın bir güc mərkəzindən asılılığı digəri ilə əvəz etməməsi üçün balanslaşdırılmış siyasət aparması vacib olacaq. Razılaşmanın uzunömürlü olması gəlirlərin bölüşdürülməsinin şəffaflığına, siyasi sabitliyə və tərəflərin öhdəliklərinə əməl etməsinə bağlıdır.
Zülfü Məmmədov




