Universitetlərə qəbulun nəticələri açıqlanıb. Hər il olduğu kimi, yeni tələbələr üçün də telefon alış-verişi başlayıb. Lakin bir çox valideyn Azərbaycanda telefonların qiymətlərinin baha olmasından narazıdır.
Bəs ölkəmizdə mobil telefonların qiymətinin yüksək olmasının əsas səbəbi nədir?
İqtisadçı ekspert Natiq Cəfərli bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, Azərbaycanda telefonların qiymətinin yüksək olmasının səbəbi yerli istehsalın olmaması və telefonların idxal edilməsidir.

"İdxal rüsumları da kifayət qədər yüksəkdir. Yəni, 15% gömrük rüsumu, 18% əlavə dəyər vergisi və telefonların qeydiyyatı ilə bağlı xərclər var. Bu xərclər də son illər hər dəfə artır. Telefonun modelindən və qiymətindən asılı olaraq onun qeydiyyatı ilə bağlı müəyyən xərclər mövcuddur. Bunlar da telefonun maya dəyərinin üzərinə gəlir. Təbii ki, satıcı da satışdan qazanc əldə etmək istəyir. Heç kim telefonunu maya dəyərinə satmaz. Satışdan əldə olunan qazanc da bunun üzərinə gəldikdə, Azərbaycanda telefonların qiyməti həddindən artıq bahalaşır".
Ekspert vurğulayıb ki, nəticə etibarilə, ölkəmizdə mobil telefonların qiymətinin yüksək olmasının əsas səbəbi telefonların idxal məhsulu olması, eləcə də yerli vergi, rüsum və qeydiyyat xərclərinin, tariflərinin yüksək olmasıdır.
Günəş Mərd




