“Son günlərdə Ermənistanın siyasi-ictimai sferasında baş verən hadisələr Azərbaycanı da düşündürür. Çünki həm Ermənistanla sülh, normallaşma prosesi gedir, həm də bu ölkə bizə qonşudur”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Siyasi şərhçi bildirib ki, burada söhbət Ermənistanın sabiq prezidenti Robert Köçəryanın, onun ailə üzvlərinin həbsindən, onlar barəsində cinayət işinin açılmasından getmir:
“Ümumiyyətlə, Baş nazir Nikol Paşinyan Ermənistanda sistem dəyişikliyi etməyə çalışır. Ermənistan “müstəqilliyini” elan etdikdən bu yana Rusiyanın, erməni diasporunun və “Qarabağ klanı”nın təsiri altında qalıb və inkişaf etməyib. Regional heç bir logistika, boru xətti və digər marşrutlar Ermənistandan keçməyib və dövlət işğalçılıq siyasəti ilə özünü təcrid edib. Bizə dost olan ölkələr də Ermənistanla siyasi-iqtisadi əməkdaşlıq etməyiblər. Hətta qardaş Türkiyə ilə Ermənistan arasında əlaqələr Bakı-İrəvan yekun sülh olmadığına görə bərpa edilməyib. Paşinyan reallığı fərqində olduğuna görə artıq bu düzəni dəyişdirmək fikrindədir və bu istiqamətdə konkret addımlar atmağa başlayıb. O, köhnə sistemi və onu dəstəkləyən fiqurları silərək onların yerinə yenisini gətirmək istəyir. Təbii ki, bu yolda ilk atılacaq addım köhnə sistemin başında dayanan Köçəryan-Sarkisyan kimi ünsürləri həbs etməkdir. Samvel Karapetyan, Tsarukyan da bir şəbəkənin üzvləridir”.

F.Abbasovun sözlərinə görə, bir məqam mütləq nəzərə alınmalıdır ki, bu sistemin arxasında Rusiya dayanıb:
“Yəni sistemin başında duran şəxsləri aradan götürməklə sistemin qoruyucusu olan Rusiya da aradan qalxmış olmur. Rusiya Ermənistanda siyasi-iqtisadi cəhətdən hələ də güclü söz sahibidir. Paşinyan Ukraynada müharibə aparan Moskvanın Ermənistandakı proseslərə diqqətsiz qalmasına ümid edir. Əgər Rusiya tam əmin olsa ki, cənub sərhədlərində Ermənistanın birdəfəlik əldən çıxma təhlükəsi var, o zaman Kreml hərəkətə keçəcək. Çünki Ermənistanın avro-inteqrasiyası Ukraynanın avro-inteqrasiyası kimi bir şeydir. Rusiya öz keçmiş müstəmləkələrini Avropanın xeyrinə itirmək istəmir. Nəticə etibarı ilə Rusiyanın zahiri təzyiqlərinin azaldığı görünə bilər, amma Kreml İrəvanı tamamilə diqqətdən kənarda qoymayacaq. Paşinyan çox böyük risk etdiyinin fərqindədir. Ermənistan daxilində hələ də Köçəryan-Sarkisyan tərəfdarları kifayət qədərdir. Rusiya onları yenidən hərəkətə gətirə bilər. Paşinyan bunların öhdəsindən gələrsə və islahatları paralel apararsa, ən azından sistemin 50 faizini dəyişə bilər”.
Aydın Baxış




