Dünya xəritəsinə baxışımız, dövlətlərin həmin xəritədə daşıdığı anlamlar, yolların yönü, siyasi-iqtisadi ağırlıq mərkəzləri dəyişməkdədir.
Bir zamanlar coğrafiya daha çox tale sayılırdı. İndi isə coğrafiyanı siyasətə, iqtisadiyyata, logistikaya, mədəniyyətlərarası dialoqa çevirmək bacarığı dövlətlərin taleyini müəyyənləşdirir.
Biz coğrafi mövqeyimizi siyasi mövqeyə çevirmişik. – Azərbaycanın çağdaş yüksəlişinin maraqlı özəlliklərindən biri bax budur.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley Zirvəsinin Bişkekdə keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT tədbirlərində iştirak üçün Qırğızıstana işgüzar səfəri də məsələyə daha dərin baxış tələb edir.
Söhbət Azərbaycanın Avrasiyanın yeni siyasi arxitekturundakı yerindən gedir.
ŞƏT hazırda Çin, Rusiya, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Belarusu bir araya gətirir. Təşkilatın əhatə etdiyi məkanın əhalisi 3,4 milyardı ötür. Onun gündəliyi təhlükəsizlikdən iqtisadiyyata, yükdaşımadan energetikaya, rəqəmsallaşmadan mədəni-humanitar işbirliyinədək genişlənib.
Lakin ŞƏT-i yalnız rəqəmlərlə oxumaq yetərli olmazdı.
Demoqraf durum, nəhəng ÜDM-li iqtisadiyyat, milyonlarla kvadratkilometrlik coğrafiya… – bunların sıradan sayım, adi göstəricilər olmadığı bəsbəllidir. Üstəlik, sayılan-sayılmayan hər nə varsa, onları bir-birinə bağlayan yol unudulmamalı, ön plana çəkilməlidir.
Bəli, diqqət yola!
Bax, burada Azərbaycanın adı özəl anlam qazanır. – Avrasiyanın yeni mərhələsində məsələ yalnız kimin daha çox nefti, qazı, əhalisi, ərazisi, istehsal gücü olması ilə bitmir; yeni dünyanın ən qiymətli sərvətlərindən biri bağlantı yaratmaq qabiliyyətidir.
Azərbaycan həmin bağlantının ən güvənli və işlək həlqələrindən birini təmin edir.
Çini Orta Asiyaya, Orta Asiyanı Xəzərə, Xəzəri Qafqaza, Qafqazı Türkiyəyə, Türkiyəni Avropaya bağlayan böyük coğrafiyanın ən həssas və ən işlək həlqələrindən biri Azərbaycana aiddir.
Bu anlamda Bakı bir paytaxtdan artıqdır. Bakı – Avrasiyanın yollarının dilini bilir, o yolları danışdıra bilir.
Yaxşı, bəs indi Azərbaycan ŞƏT-ə gedir, yoxsa ŞƏT Azərbaycana doğru gəlir?
Bax, məsələnin maraqlı tərəfi də elə bu olsa gərək.
Adətən sual belə qoyulur:
Azərbaycan ŞƏT-lə yaxınlaşmaqdan nə qazanacaq?
Doğru sualdır, amma yetərli deyil.
Gəlin ikinci sualı da verək: ŞƏT Azərbaycanla daha sıx işbirliyindən nə qazanır?
Birinci sual Azərbaycanın çıxarlarını göstərirsə, ikinci sual Azərbaycanın çəkisini göstərir.
Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. Prezident İlham Əliyev 2022-ci ildə Səmərqənddə, 2024-cü ildə Astanada, 2025-ci ildə Tiencində (Tianjin) keçirilmiş ŞƏT Zirvələrində iştirak edib. Bu görüşlər boyunca Azərbaycanın təqdim etdiyi strateji xətt dəyişməyib: Gündoğar–Günbatar və Quzey–Güney dəhlizləri, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tiflis–Qars dəmir yolu, Transxəzər bağlantısı, Orta Dəhliz, Zəngəzur yolu…
Göründüyü kimi, burada diqqətçəkən ardıcıllıq vardır.
Səmərqənddə deyilən söz Astanada davam edib, Astanada deyilən Tiencində konkretləşib, indi isə Bişkek həmin siyasi-coğrafi ardıcıllığın yeni mərhələsidir.
Deməli, Azərbaycanın özünün formalaşmış geosiyasi konsepti vardır. Bu konseptin adına bağlantı demək olar.
Amma bağlantı yalnız rels, avtomobil yolu, liman, gəmi və yük qatarı ilə olub-bitmir…
Bağlantı həm də güvəndir, güvən!
Xəzərin gündoğarında Orta Asiya, günbatarında Azərbaycan yerləşir.
Azərbaycanla Orta Asiyanın getdikcə vahid siyasi-iqtisadi işbirliyi məkanına çevrilməsi artıq dövlət iradəsinin yaratdığı yeni coğrafiyadan danışmağa güclü əsas verir.
Prezident İlham Əliyevin 2026-cı ilin iyulunda Çolpon-Atada səsləndirdiyi Orta Asiya ilə Azərbaycanın artıq vahid geosiyasi və geoiqtisadi məkan olması fikri bütöv bir dönəmin siyasi düsturudur.
Həmin fikrin miqyasını dərindən düşünməkdə yarar var. Axı Azərbaycan coğrafi təsnifatda Güney Qafqaz dövlətidir; ancaq tarixi yaddaş, etnomədəni bağlar, Türk dünyası ortaqlığı, Xəzər, yükdaşıma-logistik şəbəkəsi, iqtisadi çıxarlar və yeni siyasi formatlar Azərbaycanı Orta Asiyadan ayıran məsafəni faktiki olaraq aradan qaldırır.
Beləliklə, Xəzər, necə deyərlər, ayıran dəniz olmaqdan çıxıb birləşdirən daxili hövzəyə çevrilir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə artıq tamhüquqlu iştirakçı olması sadəcə protokol yeniliyi sayıla bilməz. Bu, Xəzərin iki qıyısının siyasi təsəvvürdə – daha doğrusu, siyasi iradədə yaxınlaşmasıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan həmin formatda artıq “komandanın tamhüquqlu üzvü”dür.
Biz ŞƏT-in Bişkek Zirvəsindən danışarkən istər-istəməz Azərbaycanın eyni vaxtda bir neçə böyük siyasi-mədəni çevrənin içində olduğunu da vurğulamalıyıq.
Biz Türk dünyasının ayrılmaz parçası, İslam dünyasının fəal dövlətlərindən biriyik;
Avropa ilə də özünəxas iqtisadi-siyasi münasibətlərimiz vardır;
Orta Asiya ilə artıq yeni institusional bütövləşmə mərhələsindəyik;
Çinlə münasibətlərimiz strateji tərəfdaşlığın yüksək səviyyəsinə yüksəlib;
ŞƏT məkanı ilə işbirliyimiz genişlənməkdədir.
Azərbaycanın üstünlüyü bu çevrələrdən birini seçib o birilərindən imtina etməsi ilə ölçülmür; əksinə, Azərbaycanın gücü həmin çevrələrin təmasını kəsişmədən qovuşmaya, qarşılaşmadan uzlaşmaya çevirə bilməsindədir.
Bu, klassik anlamda “Gündoğarla Günbatar arasında körpü” ifadəsindən də geniş anlayışdır.
Körpünün üzərindən keçirlər.
Azərbaycan isə haqlı olaraq artıq yalnız körpüsü üzərindən keçilən məkan olmaq istəmir; keçidin qaydalarının, iqtisadiyyatının, təhlükəsizliyinin, mədəni fəlsəfəsinin formalaşdırılmasında iştirak edən subyekt-dövlət kimi çıxış edir.
Fərq böyükdür.
Azərbaycanın bugünkü xarici siyasət fəallığını 2020-ci ildən öncəki siyasi ölçülərlə qiymətləndirmək olmaz.
Söhbət ərazisinin bir hissəsi işğal altında olan və beynəlxalq platformlarda ilk növbədə öz haqqını müdafiə etməyə məcbur qalan dövlətdən getmir artıq.
Biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik.
Bu tarixi dönüş xarici siyasətin enerjisini də yeni yönlərə açıb.
Dünən əsas sualımız “Azərbaycanın haqqı nə zaman bərpa olunacaq?” idisə, bugünün əsas sualları dəyişib.
Azərbaycan yeni regional və qlobal düzənin qurulmasında hansı rolu oynayacaq? – Sualımız indi belə ola bilər.
Bunlar iki ayrı tarixi mərhələdir.
Birincisi haqqın bərpası mərhələsi idi; ikincisi imkanların quruculuğu mərhələsidir.
Bax, buna görə Orta Dəhliz, Zəngəzur bağlantısı, Bakı–Tiflis–Qars, Ələt Limanı, Quzey–Güney xətti sadəcə iqtisadi layihələr kimi görünməməlidir.
Bunlar suveren Azərbaycanın gələcəyə çəkdiyi geosiyasi cizgilərdir.
Yeri gəlmişkən, ŞƏT Zirvəsinə evsahibliyi edən Bişkekin Azərbaycan üçün ayrıca rəmzi anlamları da vardır.
Birincisi,
1994-cü ilin mayında l Qarabağ müharibəsində atəşkəsə aparan və tarixə “Bişkek protokolu” adı ilə düşən sənəd məhz burada meydana çıxmışdı. Protokol mayın 5-də imzalanmış, onun ardınca razılaşdırılmış atəşkəs rejimi mayın 12-dən qüvvəyə minmişdi.
O sənəd siyasi-hüquqi çözüm olmasa da, müharibəni donduran bir mərhələydi. İşğalçı tərəf yaranmış durumu öz maraqlarına uyğun yozur, illərlə status-kvonu əbədiləşdirməyə çalışırdı.
Bizsə, onlu-onsuz, öz günümüzü gözləyirdik… 2016-cı ilin Apreli, 2020-ci ilin 44 günü, 2023-cü ilin sentyabrı göstərdi ki, Azərbaycanın işinin adı sadəcə gözləmək deyilmiş.
Tarixin çox qəribə yaddaşı var:
bir zaman atəşkəs sözünün eşidildiyi Bişkek bu gün suverenliyini bütövləşdirmiş Qakib Azərbaycanın Prezidenti üçün Avrasiyanın yeni işbirliyi gündəliyinin müzakirə olunduğu Zirvə ünvanıdır.
İkincisi,
Azərbaycan–Qırğızıstan münasibətləri artıq müttəfiqlik səviyyəsinə yüksəlib.
Düz bir ay öncə – 31 iyul 2026-cı ildə Prezident İlham Əliyevlə Prezident Sadır Japarov “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıb.
Beləliklə, ŞƏT Zirvəsinin ev sahibi olan ölkə artıq müttəfiq dövlətimizdir.
Bişkek – Azərbaycanın artıq içində olduğu böyük Avrasiya proseslərinin görüş yeridir.
Başqa bir məqama toxunaq.
Kiçik və böyük dövlət anlayışının dəyişdiyi zamanda yaşayırıq.
XXI yüzildə dövlətin böyüklüyünü yalnız ərazisi müəyyənləşdirmir.
Bəzən böyük əraziyə malik dövlət qapalı qala bilər; bəzən nisbətən kiçik coğrafiyaya malik dövlət böyük məkanları birləşdirə bilər.
Belə olan halda “böyüklük” anlayışının özü dəyişir.
Kim daha çox ərazini idarə edir? – XX yüzilin başlıca suallarından biri idi.
Kim daha çox coğrafiyanı bir-birinə bağlaya bilir? – bu isə XXI yüzilin əsas suallarındandır.
Bizim cavabımız getdikcə aydınlaşır.
Biz Avropaya Asiyanı, Asiyaya Avropanı; Orta Asiyaya Qafqazı, Qafqaza Orta Asiyanı; Quzeyə Güneyi, Güneyə Quzeyi açan bir qovşaq üzərində yerləşirik.
Amma coğrafiya öz-özlüyündə üstünlükdürmü?.. – Coğrafiyanı üstünlüyə çevirən dövlət ağlıdır.
Prezident İlham Əliyevin son illərdə Səmərqənd, Astana, Tiencin və Bişkek siyasi iqlimində apardığı diplomatiyanın əsas sonuclarından biri də Azərbaycanın coğrafi kapitalının siyasi kapitala çevrilməsidir.
Dövlətimiz zaval görməsin!












