• Bakı 21° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”

CƏMİYYƏT

31 Avqust 2026 | 19:10

“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”

“Və həsəd apardığı zaman həsədçinin şərindən!”

Həsəd nemətə olar. Həsədçi səndə olub, onda olmayana həsəd aparar. Deyirlər ki, həsədçinin həsəd anı ən qorxulu andır. Bütün energetikanı dağıda bilər. Var-dövlətə, imkana, vəzifəyə, şöhrətə həsəd aparanı anlaya bilirəm. Amma xəstəliyə, sonu olmayan, qaranlıq və mübhəm görünən bir xəstəliyə həsəd aparan gördünüzmü?

Mən gördüm... Müalicəmlə bağlı heç vaxt şəkil paylaşmamışam. Bakıda xəstəxanada əməliyyatdan sonra paylaşdığım şəkillər də ancaq pozitiv olanları idi. Müalicə prosesinin necə olduğunu isə heç düşmənimə də arzu etmirəm. Mənim kimi ancaq pozitiv düşünməyə çalışan həmkarım Səbinə Əvəzqızı bunu möhtəşəm ifadə edir: “Kimyaterapiya alırsan və hər səhər durub güzgüyə baxanda yenidən dəhşətə gəlirsən. Kirpiklərə, qaşa kimi tökülür, oradan sənə baxan boz sifətli insanı heç tanımırsan. Bu zülmün qarşısında sağ qalacağına da heç kim sənə 100 faiz qarantiya vermir”.

Səbinə haqlıdır. 8-10 saat davam edən, günlərlə, həftələrlə sürən kimyaterapiya, şüa, həkimlər, iynələr... Ağrılar. Şüalar, aparatlar... Tibb bacıları səni salır o otağa, sonra elə bir qalın divar-qapı ilə aranı kəsib gedirlər ki, nə cür dəhşətli yerdə olduğunu o zaman anlayırsan. Bütün bunlara dözürsən. “Bu ağrı nə zaman bitəcək?” – deyə düşünürsən. Bir qədər özünü toparlayanda sosial şəbəkələri izləyirsən – başın qarışsın.

Və... elə mənzərə görürsən ki, müalicənin və xəstəliyin ağrılarını unudursan. Şok terapiyası başlayır. Ağrını ağrı ilə çıxarırsan. Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var. Nələr çəkdiyini demirlər. Suallar yağdırırlar – niyə? Niyə o? Niyə biz yox? Suallar yağdırırlar. Sınırsan. Ballayıb yedizdirirlər zəhərlərini. “Yox, layiqdir, amma...” Bu “amma”larda bütün kin və həsəd gizlənir.

Kimyaterapiyanın zərbələrini yuyurlar sanki: “Yox, yaxşı edib aparıblar, amma bəs başqaları?” Haqlı suallardır. Amma hamıya eyni qaydada kömək etmək olmur axı. Saatlarla həkim qəbulunda gözlədiyini, müalicə zamanı çəkdiklərini bilmirlər. Müalicədən şəkil də paylaşmıram başqaları kimi. Haradan bilsinlər ki...

Əslində, Bakıda “2 ay ömrün qalıb” deyəndə də heç kəsə əziyyət vermək istəmədim. Allahım və vicdanım şahiddir ki, dostların təşəbbüsü ilə Prezidentə və Birinci vitse-prezidentə müraciət edildi. Hər kəs xəstəlik barədə məlumatlandı. Bir sutka keçməmiş yüzlərlə status yazıldı: “Azəri qoruyun!”, “Azəri xilas edin!”, “Azəri ölməyə qoymayın!”

Və Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovdan bir günün içində iki dəfə zəng gəldi: “Cənab Prezident bilir, onun tapşırığıdır, hər şey gözəl olacaq”. Təşəkkür edirəm. Səbinə Əvəzqızının müalicəsi üçün bir jurnalist olaraq ayrıca təşəkkür edirəm. Bir qədər kövrək səslə: “Səbinə xanıma görə çox sevindim. Sizə görə də sevinəcəyik. Mənlik bir iş yoxdur. Cənab Prezident tapşırıb”.

Türkiyəyə qədəm basar-basmaz Heydər Əliyev Fondunun müalicə etdiyi qazilər, ziyalılar, mədəniyyət xadimləri barədə faktlar öyrənirəm. Azərbaycanla fəxr edirəm.

Əməkdar jurnalist adına layiq görüldüyümü Türkiyədə, xəstəxanada eşitdim. Açığı, gözləmirdim. Sağlıq durumumdan başqa heç nə fikirləşmirdim. Və... Prezidentin köməkçisi Hikmət Hacıyev zəng edir: “Təbrik edirəm. Haqqınızdır. Cənab Prezident səhhətinizlə maraqlanır”. Motivasiya oluram. “Yaxşı olacaq”, - deyirəm və buna inanıram.

6 illik fasilədən sonra rinqə qayıdan, 13 raund uduzan və 14-cü raundda Formanı nokaut edən Məhəmməd Əli nümunəsi gəlir gözlərim önünə. Biz də bacaracağıq. Qalib gələcəyik. Yetər ki, buna inanaq. Həkimim də inanmağın vacibliyini demişdi.

Mənimlə bağlı Prezidentə müraciət edildikdə bəzi həmkarlarım media ilə bağlı qurumlara: “Müxalifətçini hara göndərirsiniz?”, - yazmışdılar.

Sonra Prezidentin iki dodağı arasından “nəzarətimdədir” kəlməsi çıxdı və hətta müraciəti dərc etməkdən, imzalamaqdan imtina edənlər qayğılarını göstərməyə başladılar.

Türkiyəyə ilk gedişimdə Bakı Hava Limanında bir nəfər yaxınlaşdı: “Azər müəllim, bu dövlət təhqirlə tənqidi seçə bilir. Siz həmişə tənqid etmisiniz, amma təhqir etməmisiniz”. Kim olduğunu demir. Zatən ehtiyac yoxdur ki...

Müalicə dövründə bəzi texniki problemlər yaşanır. Fondun nümayəndəsi Afət xanımın telefonu 24 saat açıqdır. Gecə 3-də də zəng etmək mümkündür. Dövlətin nəzarəti var.

“Tənqid etmə”, - demirlər. Tələb yoxdur. Yeganə istək: “Tez sağal”.

“Niyə Azəri göndərirsiniz?” deyənləri qınamıram. Yəqin nələrdən keçdiyimi, hansı ağrı-acıları yaşadığımı bilsələr, deməzdilər. Deməzdilər, düzdür?..

Azər Rəşidoğlu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR