• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“3+3”, “Böyük Qafqaz” – xəyaldan gerçəkliyə, yoxsa?..

SİYASƏT

17 Noyabr 2021 | 13:41

“3+3”, “Böyük Qafqaz” – xəyaldan gerçəkliyə, yoxsa?..

Bu günlərdə İranda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Çavuşoğlu iranlı həmkarı Abdullahiyanla birgə mətbuat konfransında bildirib ki, onlar Cənubi Qafqazda nəzərdə tutulan 3+3 formatında əməkdaşlığa hazırdırlar. 

Ondan bir gün sonra Rusiya prezidenti Putin İran prezidenti Rəisi ilə telefon danışığında: “Biz bölgədə etimad və əməkdaşlıq səviyyəsini qaldırmaq üçün 3+3 məşvərət mexanizmini işə salmağa çalışırıq və ümid edirik ki, İran bunu dəstəkləyəcək”, – deyib.

Göründüyü kimi, 3+3-dəki üstəgəl işarəsinin sağ tərəfi – “böyük üçlük” Cənubi Qafqazı özlərinin, əgər belə demək caizsə, daxili bölgəsi eləmək fikrində get-gedə daha artıq möhkəmlənir. Əgər bənzər fikri onlardan biri – İran hələ 90-cı illərin əvvəllərində səsləndirirdisə, bu dəfəki təşəbbüs qalan ikisinə – Türkiyə və Rusiyaya məxsusdur. İran illər öncə “regionun problemləri region dövlətlərinin öz arasında həll olunmalıdır” deyəndə bölgəyə uzaq və yad olan ABŞ və Avropaya tərəf boylanmaya bilirdi, NATO üzvü olan və Avropa Birliyinə üzv olmağa çalışan Türkiyə, az qala bütün mövqelərini Qərbə uduzmuş Rusiya bunu özünə rəva görmürdü. Amma Qərbin, daha dəqiqi, ABŞ-ın dünyaya şəriksiz hökmranlıq erasının başa çatmaqda olduğu “təkqütblü dünya nizamından çoxqütblü dünya nizamına keçid” onilliyində bu ikisinin səsi günbəgün daha bərk çıxır. İndi də Cənubi Qafqaz məsələsində.

Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsini həmçinin bu dəyişiklik konteksində dəyərləndirənlər yanılmırlar. Onun siyasi-diplomatik qələbəylə nəticələnməsi Cənubi Qafqaza yeni və daha sərfəli geosiyasi və geoiqtisadi reallıq vəd edir. Əslində “3+3” həmin reallığın formuludur. 

“3+3” formatının təməli – “kiçik üçlüy”ün “böyük üçlük”lə coğrafi, mədəni, iqtisadi və tarixi bağlılğıdır. 

Hətta “3+3“-ə “Böyük Qafqaz” adı da qoymaq olar: Şimali Qafqaz bütövlükdə Rusiyanın tərkibindədir, Cənubi Qafqazın coğrafi-mədəni uzantıları Türkiyə və İranın regionla həmsərhəd ərazilərini əhatə edir. 

Hərçənd nüfuzlu Qərb anlitikləri bütün bunların “Böyük Qafqaz” əməkdaşlığı üçün yetərli olmadığını düşünürlər. 

Onlar: 1) Cənubi Qafqaz dövlətlərinin öz aralarında, xüsusilə Azərbaycanla Ermənistan arasında; 2) Türkiyə, İran və Rusiya arasında; 3) regionun kiçik dövlətləri ilə böyük dövlətləri, xüsusilə Ermənistanla Türkiyə, Gürcüstanla Rusiya, Azərbaycanla İran arasında olan ziddiyyətləri həllolunmaz kimi qələmə verirlər.

Qərb təhlilçiləri hesab edirlər ki, bölgə xalqlarının tarixi yaddaşına onların üç böyük qonşusu imperiya kimi həkk olunub, odur ki, keçmişdən gətirdikləri dəlil qətiyyən Türkiyə, İran və Rusiyanın xeyrinə deyil, o, məntiqlə, Gürcüstan, Azərbaycan və Ermənistanı hürkütməli, onlara yenidən müstəmləkə olmaq qorxusu aşılamalıdır. Belə olanda “kiçik üçlüy”ün imdad və ümid dolu nəzərləri yenə Qərbə – olsun ki, uzaq, olsun ki, yad, amma daha insaflı gücə yönələcək. 

Bir çox siyasi məsləhətçilərin fikrincə: 

Başda ABŞ olmaqla Qərb hökumətləri bölgədə Avroantlantika nüfuzunun azalmasına və itməsinə, əvəzində Rusiya və İran təsirinin güclənməsinə heç vəchlə imkan verməməli, üç Cənubi Qafqaz respublikasının suverenliyinə təhdidlərin qarşısını almalı, beləliklə, “3+3” formatını beşikdəcə boğmalıdırlar. 

ABŞ və Avropa Birliyi “Böyük Qafqaz”da onlara ən yaxın dövlətlər olan Türkiyə və Gürcüstanı xəbərdar etməlidir ki, onların bir-biri və digər qonşuları ilə qarşılıqlı faydalı əməkdaşlıq etmələri üçün hansısa yeni, özü də, regional formata ehtiyac yoxdur. Buna ən yaxşı sübut Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub qaz dəhlizidir. 

Türkiyə Türk inteqrasiyasının lideri, Avropanın enerji mərkəzi, Azərbaycanla hərbi-siyasi əməkdaşlıq və sonuncunun 44 günlük müharibədə qələbəsi nəticəsində Cənubi Qafqazda ciddi oyunçu kimi artan nüfuzunu ənənəvi geosiyasi rəqibləri olan İran və Rusia ilə birgə formatın badına verməməlidir.

Gürcüstan səhnə arxasında Ermənistanla Azərbaycan arasında barışdırıcılıq etməlidir. 

Gürcüstan anlamalıdır ki, onun “3+3” formatına qoşulması onun Rusiya ilə olan problemlərinə, ələlxüsus Abxaziya və Cənubi Osetiya separatçlığına son qoymayacaq, əksinə, Rusiyaya həmin iki qondarma qurumu regional formata qatmaq, hətta bir gün “DQR”-i də xortladıb “3+3”-ü “3+3+2”-yə, sonra da “3+3+3”-ə çevirmək imkanı verəcək. (Odur ki, Azərbaycan da bu xəbərdarlıqdan öz payını götürsün.)

ABŞ və AB regiondakı transatlantik və avroatlantik meyilləri daha böyük çövqlə dəstəkləməli, regiona güclü şəkildə nüfuz etməlidir, burada olan sərhəd dəqiqləşdirilməsi, sülh, iqtisadi əməkdaşlıq, infrastruktur və sair, o cümlədən Avropanın enerji təhlükəsizliyini bir az da gücləndirəcək layihələr məhz Qərbin patronajı altında həyata keçirilməlidir. 
Və sair və ilaxır.

Beləcə “Böyük Qafqaz”ın həm böyük, həm kiçik “üçlüy”ünü həqiqi regional əməkdaşlıq formatı yaratmaq işində çox ağır sınaqlar gözləyir. Bunların içində ən böyük maneə regiona dəxli olmasa da, qlobal hərbi-siyasi və iqtisadi güc olan və lazım gələndə: “Güclüyəmsə, haqlıyam!” – deyən ABŞ, Avropa, Çin... deyil, yox! – bir-biriləri üçün cazibəli ola bilməyən regional güclərin və region dövlətlərinin özləridir, həmçinin öz ambisiyalarıdır. Bir-biri üçün cazibəli olmağın yolu isə yaxşı qonşuluq eləməkdən başlayır. Onda bilinəcək ki, həqiqətən “yaxın qonşu uzaq qohumdan yaxşıdır”, üstəlik, uzaqda olan heç qohum da yox, yaddırsa...
P.S. Dünən-srağagün Azərbaycan-Ermənistan sərhədində bölgənin problemli və xəstə xalqının ənənəvi xainliyi ucbatından baş verən silahlı qarşıdurma – onu üçüncü tərəf olaraq kimin qızışdırdığından asılı olmayaraq! – “3+3”-ə, “Böyük Qafqaz” məramına qaşı yönəlib. 

Seymur Şahbaz-zadə

Bakıvaxtı.az
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR