Bakıda "VMF Continental" mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihamda bildirilib ki, onlar "VMF Continental" şirkətinə məxsus Bakı şəhəri Yasamal rayonunda yerləşən mağazada olan saatın mobil telefonla şəkilini çəkiblər. Daha sonra təqsirləndirilən Liu Bo dəyəri 85 min manat olan VMF markalı saatı satıcının gözündən yayındırıb və digərinin onu oğurlamasına imkan yaradıb. İttihamda qeyd olunub ki, yaranmış fürsətdən istifadə edən Zhang Guomin həmin saatı oğurlayıb.
İttihama münasibət bildiriən müttəhimlər özlərini təqsirli biliblər.
Təqsirləndirilən Liu Bo deyib ki, saatı Zhang Guomin götürüb. Zhang Guomin isə əlavə edib ki, bağışlanması üçün VMF şirkətinə kompenzasiya ödəməyə hazırdırlar.
Zhang Guominin sözlərinə görə, ölkədən çıxmaq istəyərkən polis onları hava limanında saxlayıb:
"Saatın bu qədər dəyərli olduğunu bilmirdik. Əməlimdən çox peşmanam. Qarşı tərəfə kompanzasiya ödəməyə hazıram. Azərbaycandan tranzit ölkə kimi istifadə etmək üçün Türkiyədən gəlmişdik. Oraya məqsədli getməmişdik, sadəcə həmin ərazidə gəzirdik".
Təqsirləndirilən Liu Bo-nun sözlərinə görə, o da saatın bu qədər dəyərli olduğunu bilməyib. O, əməlindən peşman olduğunu deyib.
Zərərçəkən "VMF Continental" şirkətinin hüquqi nümayəndəsi təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını bildirib.
Prosesdə hadisə baş verən mağazada satıcı işləyən şahid İranə Bayramova ifadə verib. O deyib ki, hadisə baş verən gün təqsirləndirilən şəxslər mağazaya yaxınlaşaraq saatlarla maraqlanıblar:
"Onlar Azərbaycanca danışa bilmirdilər, proqram vasitəsi ilə danışırdıq. Biri hadisədən bir gün əvvəl mağazaya gəlmişdi. Hadisə baş verən gün mağazada saatın qutularında şəkilini çəkmək istədilər və sabah gəlib götürəcəklərini bildirdilər. Mən 10 dəq sonra qutunu yoxlamağa qayıtdım, bu zaman saatın orada olmadığını gördüm. İkisi də elə görünürdü ki, elə bil, əməli törətməyə hazır gəliblər".
Prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan edilib. Daha sonra dövlət ittihamçısı hər iki təqsirləndirilən şəxsin 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin hökmü ilə onların hər biri 5 il müddətə azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, təqsirləndirilən şəxslər cəzalarını çəkdikdən sonra ölkə hüdudlarından xaric ediləcək.
Qeyd edək ki, hadisə ötən il baş verib. Rəsmi məlumata görə, "VMF Continental" mağazasına gələn Çin vətəndaşları Zhang Guomin və Liu Bo oradan "Breguet" markalı qol saatını oğurlayıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunublar.