Noyabr ayını yaddaqalan edəcək ən önəmli hadisələrdən biri də ABŞ-də keçiriləcək prezident seçkiləridir.
Birləşmiş Ştatlarda prezident seçkiləri yalnız ölkənin daxili siyasətində deyil, qlobal arenada da dərin dəyişikliklərə səbəb olur. Hər dörd ildən bir keçirilən bu seçkilər, dünya siyasətinə təsir edən ən əhəmiyyətli hadisələrdən biri olaraq diqqət mərkəzindədir. Seçkilərdə qələbə qazanan namizədin həyata keçirəcəyi siyasət ABŞ daxilində sosial və iqtisadi dəyişikliklərə, beynəlxalq arenada isə müttəfiqliklərin və qlobal balansların formalaşmasına təsir edir.
Hazırda bir-biri ilə rəqabət mühiti formalaşdıran Donald Tramp və Kamala Harrislə bağlı ən əsas sual isə budur: nələri dəyişdirəcəklər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oktay Qasımov bildirib ki, ABŞ-dəki prezident seçkiləri ölkənin daxili siyasətində və ictimai həyatında mühüm dəyişikliklərə səbəb olur:
"Demokratlar və respublikaçılar arasındakı fərqliliklər sosial proqramlar, iqtisadi siyasət və hüquq sahələrində müxtəlif yanaşmalarla müşahidə edilir. Demokratlar ənənəvi olaraq səhiyyə, təhsil və sosial rifah sahələrində geniş proqramları dəstəkləyir, bu sahələrdə federal dəstəyi artırmağa çalışırlar. Demokratların səhiyyə sahəsində müxtəlif proqramları genişləndirmək planı daha çox amerikalının tibbi xidmətlərə daha asan çıxış əldə etməsinə imkan verə bilər".
Onun sözlərinə görə, respublikaçılar isə iqtisadi azadlığı və bazarın sərbəst fəaliyyətini təşviq edir, federal idarəetmənin məhdudlaşdırılmasına üstünlük verirlər. Mütəxəssis bildirib ki, bu cür yanaşma ilə onlar xüsusilə biznes sektorunda investisiyaların və iş yerlərinin artmasına dəstək vermək üçün vergi güzəştlərinə, iqtisadi tənzimləmələrin sadələşdirilməsinə çalışırlar. Respublikaçılar şəxsi azadlıqları və sərbəst bazar prinsiplərini əsas tutaraq dövlətin səlahiyyətlərini məhdudlaşdırmağa və yerli idarəetməyə daha çox azadlıq verməyə çalışırlar:
"ABŞ-nin xarici siyasəti qlobal miqyasda onun gücünün və nüfuzunun əsas göstəricilərindən biridir. Demokrat liderlər adətən beynəlxalq əməkdaşlıq, diplomatik həllər və müttəfiqlərlə sıx əlaqələri dəstəkləyirlər. Onların rəhbərlik etdiyi hökumətlər, NATO və Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmağa, Paris İqlim Sazişi kimi beynəlxalq sazişlərə qoşularaq qlobal problemlərə qarşı birlikdə mübarizə aparmağa çalışırlar. İqlim dəyişikliyi ilə mübarizə, terrorizmə qarşı koalisiyaların genişləndirilməsi və insan hüquqlarının müdafiəsi, demokrat prezidentlərin xarici siyasət gündəminin əsas hissələrindən biridir".

Oqtay Qasımov: ABŞ-nin xarici siyasəti qlobal miqyasda onun gücünün və nüfuzunun əsas göstəricilərindən biridir
Müsahibimiz bildirib kİ, Respublikaçılar isə ABŞ-nin milli mənafelərini daha çox önə çəkir və qlobal səviyyədə güclü, müstəqil siyasət yürütməyə çalışırlar. Bununla yanaşı, Çin və Rusiya kimi rəqib dövlətlərə qarşı sərt sanksiyaların tətbiqi, ticarət siyasətlərində daha çox qapalı və qoruyucu yanaşmanın tətbiqi də respublikaçı administrasiyaların xarici siyasətini formalaşdırır:
"ABŞ-dəki prezident seçkiləri, dünya iqtisadiyyatı üçün də ciddi nəticələr doğura bilər. Demokratlar zəngin təbəqəyə və iri korporasiyalara vergi yükünü artıraraq sosial proqramları maliyyələşdirməyi, gəlir bərabərsizliyini azaltmağı hədəfləyirlər. Demokratların iqtisadi siyasəti ölkə daxilində bərabərsizliklərin aradan qaldırılmasına və orta sinfin gücləndirilməsinə yönəlib. Ticarət siyasətində də demokratlar, beynəlxalq əməkdaşlığa və sərbəst ticarətə daha çox önəm verirlər".
Qasımov onu da deyib ki, Respublikaçılar ticarətdə milli maraqları ön planda tuturlar. İri şirkət və korporasiyalara vergi güzəştləri tətbiq edərək onların iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olmasını dəstəkləyirlər. Ənənəvi iqtisadi güclərə, neft və qaz sektorlarına sərmayə yatırmaq və milli iqtisadiyyatı qorumaq üçün ticarət maneələri yaratmaq respublikaçıların iqtisadi siyasətində üstünlük təşkil edir. Çin ilə ticarət mübahisələrində tətbiq edilən tariflər və bəzi iqtisadi sahələrdə xarici rəqiblərə qarşı tətbiq olunan sanksiyalar respublikaçıların milli iqtisadi siyasətinin əsas strategiyalarından biridir:
Müsahibimiz əlavə edib ki, ABŞ dünyanın ən böyük müdafiə büdcəsinə malik ölkə olaraq qlobal təhlükəsizliyə mühüm töhfələr verir. Demokratlar beynəlxalq təhlükəsizlikdə diplomatik üsullara daha çox üstünlük verirlər. Müdafiə xərclərini azaltmaq və ordunu xarici münaqişələrdə daha az istifadə etmək, demokratların adətən əsas götürdüyü bir yanaşmadır. Onlar, NATO və BMT ilə əməkdaşlığa əsaslanaraq, ABŞ-nin hərbi gücünü beynəlxalq sülhməramlı missiyalarda istifadə etməyi məqsədəuyğun sayırlar:
"Respublikaçılar isə ABŞ-nin hərbi qüdrətini artırmaqla qlobal təhlükəsizliyi təmin etmək siyasətini yürüdürlər. Onlar ABŞ ordusunun güclənməsini prioritetə çevirərək, milli müdafiə xərclərini artırmağa və ABŞ-nin dünyanın müxtəlif bölgələrində möhkəmlənməsinə çalışırlar. Bu siyasət ABŞ-nin Çin və Rusiya ilə güc balansını qorumağa yönəlmiş addımlarının bir hissəsi olaraq görülə bilər. Həmçinin, respublikaçı prezidentlərin dövründə ABŞ hərbi qüvvələrinin Yaxın Şərq, Asiya və Şərqi Avropa kimi regionlarda daha fəal rolu artırılır".
Son olaraq politoloq diqqətə çatdırıb ki, ABŞ prezident seçkiləri ölkənin daxili və xarici siyasətində mühüm istiqamətləri müəyyən edən bir prosesdir:
"Hər bir prezidentin həyata keçirəcəyi siyasət ölkədaxili rifahdan tutmuş, dünya səviyyəsində güc balansına qədər geniş spektrdə dəyişikliklərə səbəb ola bilər. ABŞ-nin güclü iqtisadi və hərbi potensialı prezidentin seçimlərində əsas amil kimi çıxış edir. Demokratların və respublikaçıların fərqli prioritetləri, qlobal arenada beynəlxalq münasibətlər, müdafiə xərcləri, iqtisadi siyasətlər və iqlim dəyişikliyi ilə mübarizə sahələrində ABŞ-nin gələcək mövqeyini müəyyənləşdirəcək. Bu baxımdan, ABŞ-dəki prezident seçkiləri dünya miqyasında ciddi təsirə malik bir siyasi hadisə olaraq qalacaq".
Əli Hüseynov











jpg-1732881379.webp)

jpg-1732880444.webp)


