ABŞ dövlət katibi Marko Rubio Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuente ilə telefon danışığında iki ölkə sərhədindən qanunsuz miqrant axınını azaltmağa imkan verən birgə fəaliyyətə görə təşəkkür edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin "X" səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.
“Dövlət katibi Marko Rubio Meksikaya miqrasiya məsələləri üzrə koordinasiyalı və qarşılıqlı hörmət əsasında fəaliyyətinə görə təşəkkür edib”, - bəyanatda qeyd edilir.
Bundan əlavə, Rubio bildirib ki, Birləşmiş Ştatlardan Meksikaya və regionun digər ölkələrinə qanunsuz silah dövriyyəsinə nəzarət etmək, onların suverenliyinə hörmətlə yanaşmaq üçün tədbirlər görülməlidir.
Öz növbəsində de la Fuente həmkarına Meksika, ABŞ və Kanada arasında üçtərəfli azad ticarət sazişinin faydalılığının qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
"Mart ayında sərhədçilər cəmi 7 minə yaxın qanunsuz giriş cəhdini qeydə alıblar. Ötən ilin martında isə bu rəqəm 137 min olub", - “The New York Post” qəzeti dərc edib.