• Bakı C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

ABŞ-Venesuela yaxınlaşması: neft, sərmayə və yeni siyasi balans

SİYASƏT

13 Yanvar 2026 | 12:45

ABŞ-Venesuela yaxınlaşması: neft, sərmayə və yeni siyasi balans

ABŞ ilə Venesuela arasında uzun müddətdir davam edən gərgin münasibətlər fonunda Karakasda bir sıra siyasi məhbusların azad olunması və Vaşinqtonun neft sektoruna yönəlik milyardlarla dollarlıq investisiya planları regionda diqqətlə izlənən yeni mərhələnin başlandığını göstərir. Bu addımlar Karib hövzəsində siyasi balansın dəyişib-dəyişməyəcəyi, eləcə də ABŞ-Venesuela münasibətlərində mümkün yumşalmanın ölkənin daxili siyasi proseslərinə necə təsir göstərəcəyi ilə bağlı sualları aktuallaşdırır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın Venesuelanın neft sektoruna qarşı tətbiq edilən məhdudiyyətlərin dollar sisteminə inteqrasiyası ilə bağlı açıqlaması ABŞ-nin iri neft şirkətləri ilə keçirdiyi görüşlərdən sonra gəldiyi nəticədir. Nəzərə alsaq ki, Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Venesuelada formalaşacaq yeni hakimiyyət ABŞ və beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı görünür, bu proses rejim dəyişikliyi olmadan, Maduronun kənarlaşdırılması və vitse-prezidentin rəhbərlik etdiyi hökumətin ABŞ-nin əsas tələblərini qəbul etməsi modeli üzərindən həyata keçirilə bilər:

"Hesab edirəm ki, bundan sonrakı mərhələdə ABŞ-nin qoyacağı sərmayələr fonunda Venesuelada daha şəffaf, korrupsiyadan uzaq idarəetmə sistemi qurula bilsə, bu, həm ölkənin maraqlarına uyğun olar, həm də əhalinin rifah səviyyəsinin yüksəlməsinə töhfə verə bilər.

Bu siyasətin Latın Amerikasında balansı dəyişib-dəyişməyəcəyinə gəlincə, əslində bölgədə balans köklü şəkildə dəyişməyib. ABŞ son on ildə Qərb yarımkürəsində bəzi dövlətlərin Rusiya və Çinlə artan əməkdaşlığından ciddi narahat idi. Məhz bu tendensiyanın qarşısını almaq üçün Vaşinqton Venesuelada aktiv müdaxilə xəttini seçdi. Bu addım eyni zamanda digər region ölkələrinə ünvanlanan siyasi mesaj xarakteri daşıyır".

Oqtay Qasımov: Kuba rəhbərliyi ABŞ-yə qarşı mövqeyini açıq şəkildə ifadə edir

Politoloqun sözlərinə görə, ABŞ-nin əsas məqsədi Qərb yarımkürəsində, yəni Amerika qitəsində balansı tam şəkildə öz nəzarətində saxlamaqdır. Venesueladan sonra Kolumbiya, Kuba və hətta Meksika ilə də müəyyən anlaşmaların əldə olunması ehtimalı istisna edilmir. Baxmayaraq ki, Kuba rəhbərliyi ABŞ-yə qarşı mövqeyini açıq şəkildə ifadə edir.

Müsahibimiz bildirir ki, Donald Trampın mövqeyinə gəldikdə isə, o, Çin və Rusiya faktorunu Qərb yarımkürəsindən tamamilə sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoyub. Bu istiqamətdə bölgə ölkələrinə açıq və dolayı mesajlar verilir. Hətta Qrenlandiya məsələsi də ABŞ-nin nəzarət zonasını genişləndirmək cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər:

"Beləliklə, ABŞ Qərb yarımkürəsində tam nəzarəti təmin etməklə, dünyanın digər hissələrində - xüsusilə Şərq yarımkürəsində təsir zonalarını fərqli güc mərkəzləri ilə bölüşmək strategiyasını yürütməyə çalışır".

Zeynəb Rzayeva

 


SON XƏBƏRLƏR