Xəbər verdiyimiz kimi, millət vəkili Tahir Kərimlinin Milli Məclisin iclasında səsləndirdiyi “Qarabağ məsələmizi həll etmişiksə, mənim və partiyamın müxalifətçiliyinin nə mənası var?" ifadəsi ilə diqqət çəkib.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Tahir Kərimli bu ifadəni səsləndirməkdə məqsədinin barışıq olduğunu bildirib.
"Azərbaycan prezidenti İlham Əliyev qarşısına qoyduğu öhdəlikləri yerinə yetirdi. Oktyabrın 15-də nəinki ərazi bütövlüyümüz, hətta bu ərazilər üzərində dövlət suverenliyimizin bərpa olunması barədə xüsusilə qeyd etdi", - deyə millət vəkili bildirib.
Deputat vurğulayıb ki, Qarabağ məsələsində, dövlət müstəqilliyi və dövlət suverenliyi məsələsində rəhbərlik etdiyi partiyanın artıq müxalifətçiliyə yeri yoxdur: "Mən partiya üzvlərinə və digərlərinə müraciət etdim ki, biz birlikdə konstruktiv şəkildə çıxış edək. Sosial, iqtisadi və digər məsələlər üzrə təkliflərimizi verək. Bu, müxalifətdən, müxalifətçilikdən imtina demək deyil. Mən məəttəl qalıram, özünü müxalifət lideri hesab edənlər deyir, Tahir Kərimli çağırdı ki, müxalifətçiliyə ehtiyac yoxdur. Bir sıra saytlar da bu başlıqlar paylaşıb ki, Tahir Kərimli müxalifətçiliyi lüzum bilmir. Axı, mən belə bir söz deməmişəm".
“Müxalifət konstitusiya sisteminin tərkib hissəsidir” deyən müsahibimiz əlavə edib ki, müxalifət mütləq olmalıdır: "O cümlədən mənim öz partiyam da, amma Qarabağ, suverenlik məsələsində deyil. Dövlət başçısının, ordumuzun, xalqımızın qələbəsi –üç komponentin cəmi məcmusu bizə bu qələbəni bəxş edib".
T.Kərimli sonda qeyd edib ki, partiya üzvləri əvvəl Qarabağ məsələsində müxalif fikirlər bildiriblər: "Bəziləri deyib ki, ruslar niyə getmir və s. Buna lüzum yoxdur. Mən bu sualı özümə vermişəm ki, belə vəziyyətdə bizim müxalifətçiliyə ehtiyacımız varmı? Qarabağ məsələsində əlbəttə ki, müxalifətçiliyə ehtiyac yoxdur. Digər sahələrdə müxalifət partiyası kimi fəaliyyət göstərəcəyik. Hər iki tərəfi bir növ barışığa çağırmışam. Niyyətim ondan ibarət olub".
Xəyalə Rza

jpg-1698039249.jpg)













