Son illər Azərbaycan da daxil olmaqla, bütün dünyada cinayətlərin sayı artıb. "Oğul atasını bıçaqladı", "Qardaş bacısını boğdu" kimi xəbərlər artıq adiləşib. Ölümlə nəticələnən cinayət hadisələrinin artmasına səbəb nədir?
Sosioloq Əhməd Qəşəmoğlu Bakıvaxtı.az-a deyib ki, insanın davranışının formalaşmasına təsir edən dörd mühüm amil var: insanın şəxsi mənəvi xüsusiyyətləri, mühit, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər. “Biz “cəmiyyətdə nə baş verir” sualının cavabını burada axtarmalıyıq”.
Onun sözlərinə görə, mühitdə, informasiyada, dəyərlərdə arzuolunmayan vəziyyət yaranıb. Mühit elədir ki, insanda xoşagəlməz, neqativ bir meyl olanda onu həm bloklaya, həm də inkişaf etdirə bilər: “Elə etməli idik ki, mühitdə bu cür hadisələrə qarşı ictimai qınaq olsun. Amma əskinə, bir də baxırıq ki, bu istiqamətdə kimisə tərifləyirlər, qanuni oğrular haqqında kitablar yazırlar, hətta igid adlandırırlar. Mühitdə bu istiqamətdə tənzimləmə işləri arzuolunan deyil”.
Bu gün ailələrin çoxunda böyük gərginlik yaşandığını deyən sosiloq bildirib ki, Azərbaycanda heç vaxt ailələrdə bu qədər gərginlik olmayıb: “Bu qədər gərginliyin olduğu bir vaxtda evdəki mühit uşaqlara, gənclərə pis təsir edir. Əsas mənbələrdən biri elə odur. İnsanlar əvvəlki kimi mənəvi dəyərlər aşılayan kitablar oxumur, filmlər izləmirlər. İndi onların yerini xoşagəlməz informasiyalar tutub. Ona görə də, bu gün belə bir vəziyyətin yaranması on il əvvəl də praqnozlaşdırılırdı. Amma əhəmiyyət verən yox idi. Çox ürək ağrısı ilə deyə bilərəm ki, belə davam edərsə, bir-iki il sonra bundan da pis bir vəziyyət olacaq”.
Onun dediyinə görə, günü gündən mürəkkəbləşən cəmiyyətdə bu işləri elmin köməyi olmadan həll etmək mümkün deyil. Elmi mərkəzlər olmalı, təhlillər aparılmalı, elmi əsaslarla fəaliyyət proqramı yaradırmalı və həyata keçirilməlidir: “Necə ki, bölgələrimizin sosial-iqtisadi inkişafı ilə bağlı layihələr hazırlayırıq, bu sahədə də elə olmalıdır. Nə qədər ki, bu problemləri həll etmək üçün müdaxilə etmirik, vəziyyət bundan da pis olacaq”.
Aytac Aslan








jpg-1641478571.webp)







