• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Aİ Apple və Meta şirkətlərini cərimələdi

DÜNYA

23 Aprel 2025 | 16:02

Aİ Apple və Meta şirkətlərini cərimələdi

Avropa İttifaqı (Aİ) Komissiyası rəqəmsal bazar qaydalarını pozduqları üçün texnologiya nəhəngləri Apple və Meta şirkətlərini cərimələyib.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, ümumilikdə 700 milyon avro cərimə tətbiq edilib. Komissiyanın açıqlamasına görə, Apple 500 milyon, Meta isə 200 milyon avro məbləğində cərimələnib.

Aİ-nin Rəqəmsal Bazarlar Qanunu (DMA) çərçivəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Apple, tətbiq mağazası olan App Store vasitəsilə istifadəçiləri alternativ təkliflər barədə məlumatlandırmağa və digər platformalara yönləndirməyə imkan verməyib. Bu isə həmin qanunvericiliyin tələblərinə ziddir.

Açıqlamada bildirilir ki, Apple tərəfindən tətbiq olunan texniki və kommersiya məhdudiyyətləri nəticəsində proqram tərtibatçıları App Store-dan kənar alternativ yayım kanallarından istifadə edə bilməyiblər. Komissiya Apple-a bu məhdudiyyətləri aradan qaldırmaq əmri verib.

Meta ilə bağlı qərarda isə şirkətin tətbiq etdiyi "ödə və ya razılaş" modeli qanunlara zidd hesab edilib. 2023-cü ildə Meta, Aİ istifadəçilərinə Facebook və Instagram platformalarından reklamsız istifadə üçün aylıq abunə haqqı ödəməyi və ya şəxsi məlumatların birləşdirilməsinə razılıq verməyi təklif etmişdi.

DMA qaydalarına əsasən, böyük platformalar istifadəçilərin məlumatlarını fərqli xidmətlər arasında birləşdirməzdən əvvəl onların razılığını almalı və razılıq verməyən istifadəçilərə bənzər, lakin daha az fərdiləşdirilmiş alternativ xidmət təklif etməlidirlər. Meta-nın bu tələblərə əməl etmədiyi müəyyən edilib və şirkətə 200 milyon avro cərimə tətbiq olunub.

Komissiya həmçinin xəbərdarlıq edib ki, Apple və Meta qərarlara əməl etməsələr, əlavə və davamlı maliyyə sanksiyaları ilə qarşılaşa bilərlər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR