Avropa İttifaqının (Aİ) Türkiyəyə ehtiyacı Ankaranın Aİ-yə ehtiyacından daha çoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra bildirib.
Türkiyə lideri ölkəsinin uzanan Avropa inteqrasiya prosesinə toxunaraq qeyd edib ki, “Bu gün Avropanın Türkiyəyə olan ehtiyacı daha çoxdur. Sabah bu ehtiyac daha da artacaq”.
“Son zamanlar Avropa tərəfinin Türkiyənin qitədəki mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyəti aydınlaşdırmağa məcburuq: məsələ bu gün Ankaranın mövqeyində deyil, Brüsselin gələcək dünyada harada yer almaq istədiyindədir. Artıq aydın olmalıdır ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ qlobal oyunçuya və ya ağırlıq mərkəzinə çevrilə bilməz”, — deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Aİ-nin Türkiyəyə qarşı strateji uzaqgörənliyi çatışmır. “Lakin Brüsseldə unutmamalıdırlar ki, Türkiyə artıq əvvəlki ölkə deyil və dünya da əvvəlki kimi yalnız Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır”, — deyə o əlavə edib.
Türkiyə 2005-ci ildən etibarən rəsmi olaraq Avropa İttifaqına üzvlük üzrə danışıqlar aparır. Bu prosesdə Kipr məsələsi əsas maneələrdən biri olaraq qalır. Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Aİ-yə üzvlük ölkənin strateji məqsədi olaraq qalır, lakin Ankara bu prosesi Kipr məsələsi ilə şərtləndirməyə qarşıdır.
Bakı 




